Niderlandlı azarkeş Bakıya motosikletlə gəlmək istədi, buraxmadılar
Niderlandın “Tvente” klubunun azarkeşi Mark Huyzinq Avropadakı bütün səfər oyunlarına motosikletlə getmək istəsə də, Azərbaycan səfəri zamanı planı baş tutmayıb.
Sportify.az xəbər verir ki, bu barədə “Tubantia” nəşri yazıb.
33 yaşlı Huyzinq avrokubokların püşkatmasından sonra “Tvente”nin oyunlarını motosikletlə izləməyi planlaşdırıb. Lakin Bakıya gəlmək üçün seçdiyi marşrutun qarşısında ciddi maneələr yaranıb.
Niderlandlı azarkeş Rusiya, Ermənistan və İranın sərhədlərindən keçə bilməyəcəyini öyrənib.
“Bütün oyunlara motosikletlə getmək istəyirdim. Amma Rusiya, Ermənistan və İran sərhədlərini keçə bilmirsən”, – deyə Huyzinq bildirib.
O, həmçinin bu yaxınlarda yeni motosiklet aldığını, lakin onun hələ tam hazır olmadığını açıqlayıb. Azarkeş zarafatla qeyd edib ki, həmin motosikletlə hətta Niderlandın Qronau şəhəri istiqamətindəki sərhədi keçmək də mümkün deyil.
Buna görə də Huyzinq Bakıya başqa yolla gəlib və hazırda Azərbaycan paytaxtında kirayə götürdüyü ikitəkərli nəqliyyat vasitəsi ilə şəhər və ətraf əraziləri gəzir.
Niderlandlı azarkeş “Tvente”nin “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu da Bakıda stadiondan izləyəcək.
Qeyd edək ki, ilk qarşılaşmada “Qarabağ” Niderlandda 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.