Kənan Nəsibov: Əsgər salamı ilə minnətdarlıq bildirdim - MÜSAHİBƏ - VİDEO
Bakıda keçirilən dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Kənan Nəsibov brifinq keçirib.
Sportify.az xəbər verir ki, gənc idmançı jurnalistlərin suallarını cavablandırıb:
– Peruda bürünc medal, ardınca Zaqreb Qran-prisində qızıl, Daşkənddə qızıl medal və U-23 üzrə çempionluq qazandınız. Bakıdakı bürünc medaldan sonra bizi nə gözləyir?
– Qarşımdakı ən böyük hədəf oktyabrın 31-də İtaliyada start götürəcək U-23 Avropa çempionatıdır. Orada ikinci dəfə Avropa çempionu olmaq istəyirəm. Ağır çəkidə ikiqat Avropa çempionu olmaq və tarix yazmaq mənim üçün böyük uğur olardı.
– Görünür, qarşıdakı hədəfləriniz də getdikcə böyüyür. Dünya çempionatında qazandığın bürünc medal barədə nə deyə bilərsiniz?
– Gənclər arasında dünya çempionatında ikinci yerim də olub. Bu dəfə isə böyüklərin dünya çempionatında ilk yarışım idi. Özümü çox yaxşı hiss edirdim və özümə inanırdım. Finala çıxacağımı hiss edirdim. Finala yüksələ bilməsəm də, üçüncü yeri tutdum. Bu medal mənim üçün çox önəmlidir.
– Uşangi Kokauri ilə görüşün digər qarşılaşmalardan fərqləndiyi hiss olunurdu. Həmin görüşdə nə çatmadı?
– İkinci görüşdə Ukrayna idmançısını məğlub etdikdən sonra məni tez bir zamanda Uşangi ilə 1/4 final görüşünə çağırdılar. Vaxt az idi, gücüm də azalmışdı. Yorğun idim, istirahət edə bilmədim. Cüdogimi dəyişib birbaşa görüşə çıxdım. Yorğun olduğuma görə ona məğlub oldum. Düzdür, Uşangi də güclü idmançıdır. O, böyüklər arasında dünya çempionatında artıq ikinci dəfə gümüş medal qazandı.
– İl ərzində Camal Qamzatxanovu ikinci dəfə məğlub etdiniz. Həm Azərbaycan çempionatında, həm də bu yarışda ona qalib gəldiniz. Onunla görüş barədə fikirlərin necədir?
– Camal mənim dostumdur, həm də məşq yoldaşımdır. Çox yaxşı oğlandır. Bir-birimizin texnikasını yaxşı tanıdığımız üçün özümə çox inanırdım. Onu məğlub edəcəyimə əmin idim. Amma ehtiyatlı davranırdım, çox risk etmək istəmirdim. Çünki cüdoda bir səhv belə məğlubiyyətə səbəb ola bilər. Buna görə də ehtiyatlı mübarizə apardım və qalib gəldim.
– Amma sanki məğlubiyyətlə barışmaq istəmirdi…
– Bəli, onun dözümlülüyü çox idi. Sonadək vuruşdu, savaşdı.
– Ümumiyyətlə, Azərbaycan çempionu olduqdan sonra özünüzdə belə bir istək yaranmışdı?
– Əlbəttə. Mən özümə çox inanırdım. Yarışdan əvvəl böyük məşqçi Elxan Məmmədova və şəxsi məşqçim Mehdi Canəliyevə söz vermişdim ki, çox yaxşı çıxış edəcəyəm. Özümü yaxşı hiss edirdim. Finala çıxacağımı və Azərbaycan xalqını sevindirəcəyimi bildirmişdim. Finala yüksələ bilməsəm də, üçüncü yeri tutdum.
– Qələbədən sonra etdiyiniz əl hərəkətinin xüsusi mənası var idi?
– Eşitmişdim ki, ölkə rəhbərliyi də yarışımızı izləyəcək. Elə hiss etdim ki, sanki orada əyləşib bizi izləyirlər. Federasiya rəhbərliyindən Rəşad Nəbiyevi, Elnur Məmmədlini və digər şəxsləri də orada gördüm. Azərbaycan əsgəri kimi salam verdim. Bununla minnətdarlığımı ifadə etmək istədim.
Посмотреть эту публикацию в Instagram
– Medal qazanmaqda öz əməyinizlə yanaşı, sizə dəstək olan insanların da böyük rolu var. Bu nəticəyə görə ən çox kimə minnətdarsınız?
– Mənə dəstək olan bütün azarkeşlərə minnətdarlığımı bildirirəm. Ən əsası onlardır. Onlar məni ruhlandırdılar, çox böyük dəstək oldular. Amma xüsusilə valideynlərimin adını çəkmək istəyirəm. Bu medalı ən çox anama həsr edirəm. Anam hazırda məni izləyir və həmişə mənim üçün dua edir. Ona söz verirəm ki, bunun davamı daha böyük uğurlar olacaq. Anamın duası mənim üçün çox böyük gücdür.
– Dünya çempionatının medalını qazanacağına söz vermişdiniz və buna nail oldunuz. İndi Olimpiya medalı qazanacağına da söz verirsiniz?
– Bəli, söz verirəm! Qismət olsa, Yay Olimpiya Oyunlarında iştirak edəcəyəm və oradan da medal qazanacağam.
Bahar RÜSTƏM



No Comment! Be the first one.