Rəhman Daşdəmirov: Millətlər Liqasındakı oyunlarımızda qalib gələcəyik
“Sabah UEFA Millətlər Liqası ərəfəsində son sınağımıza çıxacağıq. Rəqibi analiz etmişik: Yaxşı komandadır, futbol oynaya bilirlər, nə istədiyini bilən kollektivdir. Biz də özümüzə inanırıq. Baş məşqçimiz Ayxan Abbasovun tapşırıqları var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov evdə Tacikistan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.
27 yaşlı müdafiəçi Çempionlar Liqası ab-havası gördükdən sonra uyğunlaşma baxımından fərq hiss etmədiyini bildirib: “Şəxsən mənim üçün heç bir fərqi yoxdur: İstər Çempionlar Liqası, istərsə də milli komanda olsun, hər oyuna eyni konsentrasiya ilə hazırlaşıram. Komandamızın qələbəsi naminə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
Daşdəmirov UEFA Millətlər Liqasındakı rəqiblər Litva və Lixtenşteyn barədə də danışıb: “Hazırda sabahkı oyuna köklənmişik. Millətlər Liqasındakı rəqiblər də bizə uyğundur. Maksimum nəticə göstərməyə çalışacağıq. Məncə, görüşlərimizin hamısından qalib ayrıla biləcəyik”.
Daşdəmirov çıxış etdiyi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın Azərbaycan yığması barədə Litva yığmasını məlumatlandırmasından xəbərsiz olduğunu əlavə edib: “Özüm Dambrauskasla şəxsən danışmışam. O, milli üzvləri kimi bizim üstün cəhətlərimizi söyləyib. Fərqli bir şey deməyib, sadəcə, daha yaxşı vəziyyətdə olduğumuzu, görüşləri özünün də maraqla izləyəcəyini vurğulayıb. Litva yığması barədə isə söhbətimiz olmayıb. Yəqin ki, bizdən Litva millisinin rəhbərliyinə döyüşkən olduğumuzu söyləyə bilər”.
Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Tacikistan matçı saat 20:00-da başlanacaq.



No Comment! Be the first one.