Üç boksçumuz Avropa Çempionatının yarımfinalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatı davam edir. Yarışın altıncı günündə Azərbaycan millisinin daha üç üzvü yarımfinala yüksəlib.
Sportify.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov 1/4 finalda Macarıstan təmsilçisi İştvan Sak üzərində 3:2 hesablı qələbə qazanıb. Dünya çempionu sentyabrın 23-də yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşlə qarşılaşacaq.
55 kq-da Amin Məmmədzadə Fransa boksçusu Billal Bennamanı 3:2 hesabı ilə məğlub edib. O, sentyabrın 24-də yarımfinalda Rusiyanı təmsil edən Vyaçeslav Roqozinlə üz-üzə gələcək.
+90 kq çəki dərəcəsində isə Məhəmməd Abdullayev Norveç təmsilçisi Omar Şihanı 3:2 hesabı ilə üstələyib. Dünya Kubokunun qalibi sentyabrın 23-də yarımfinalda İngiltərə təmsilçisi Damar Tomasla qarşılaşacaq.
Beləliklə, yarımfinala yüksələn dörd Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib.
Bu gün Nəbi İsgəndərov (70 kq) yarımfinalda İrlandiya təmsilçisi Con MakKonnelllə, Səidcəmşid Cəfərov (75 kq) isə 1/4 finalda İsveç boksçusu Kevin Skottla qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.



No Comment! Be the first one.