Musa Qurbanlı: Qol epizodlarını dəyərləndirə bilmiriksə, ustalıq çatmır - MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı evdə Tacikistana 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.
Sportify.az 24 yaşlı hücumçunun müsahibəsini təqdim edir:
– Oyunla bağlı təəssüratlarınız necədir?
– Əlbəttə, əsas odur ki, qalib gəldik. Rəsmi oyunlardan əvvəl yoldaşlıq görüşündə qələbə çox vacib idi. Asan olmadı, ağır oyun keçdi. Hardasa çətin olacağını gözləyirdik. Əlbəttə, istəyərdik daha yaxşı performans göstərək, daha çox qol epizodlarına girək, daha çox qollar vuraq, amma belə alındı. Üzərimizdə işləməli, fiziki və tactiki cəhətdən artırmalıyıq. Ümidvaram ki, rəsmi oyunlarda yaxşı nəticə göstərəcəyik.
– Uzun müddət sonra milli komandada bir araya gəlmisiniz. Kollektivdaxili ab-hava necədir?
– Ümumi atmosfer yaxşıdır. Bu qələbə də ümumi atmosferi daha da yaxşılaşdırmaq və qarşıdakı rəsmi oyunlara daha motivasiyalı getməyimiz üçün vacib idi. Düşünürəm ki, belə də olacaq. Düzdür, daha yaxşı performans göstərmək, daha yaxşı oynamaq və daha çox qol vurmaq istərdik. Amma belə alındı. Düşünürəm ki, dərs çıxarmalı və növbəti oyunlara hazırlaşmalıyıq.

– İlk dəqiqələrdən rəqib üzərində təzyiqiniz, real qol epizodlarınız var idi. İmkanları dəyərləndirmək üçün nə çatmadı?
– Oyun bir qədər ağır alındı. Amma əlbəttə, qol epizodlarını dəyərləndirə bilmiriksə, hardasa ustalıq çatmır. Amma düşünürəm ki, yetərincə ustalığımız var ki, imkanlarımızı qola çevirək. Sadəcə, işləmək lazımdır. Daha da özgüvənli olmalı, özümüzə inanmalıyıq. Düşünürəm ki, yaxşı nəticələr göstərdikcə özünəinam gələcək və vəziyyət yavaş-yavaş düzələcək.
– Yığmanı çox çətin təqvim gözləyir. Qarşıdakı rəsmi oyunlarda xal və xallar yığıb nəticəni yaxşılaşdırmaq mümkün olacaqmı?
– Əlbəttə, məqsədimiz budur: Maksimum xal toplamaq, maksimum nəticə göstərmək. Daha çox işləməli, daha çox döyüşməliyik. Çünki asan olmayacaq, amma düşünürəm ki, biz komanda şəklində birgə olub, işimizin öhdəsindən gələ biləcəyik.
Bahar RÜSTƏM


No Comment! Be the first one.