Azərbaycan Qran-prisinə start verilir
Bu gün Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.
Sportify.az xəbər verir ki, sayca 10-cu dəfə keçiriləcək yarışın ilk günündə əvvəlcə Formula 2 üzrə sərbəst yürüş baş tutacaq. Sessiya saat 10:00-da başlayacaq.
Formula 1-də ilk sərbəst yürüş saat 12:30-da keçiriləcək. Daha sonra Formula 2-də iki sıralama turu təşkil olunacaq. Günə Formula 1 üzrə ikinci sərbəst yürüşlə yekun vurulacaq.
Sentyabrın 25-də Formula 1 üzrə daha iki sərbəst yürüş və Formula 2-də sprint yarışı keçiriləcək. Sentyabrın 26-da isə əsas yarış baş tutacaq.
Bakı Şəhər Halqasında 10 komandanın 20 pilotu mübarizə aparacaq. 6 kilometrlik trekdə Luis Hemilton, Corc Rassel, Maks Ferstappen, Şarl Lekler və digər məşhur pilotlar iştirak edəcəklər.
Bakı trasında 20 döngə var və əsas yarış 51 dövrədən ibarətdir. Start və finiş xətti Azadlıq meydanında yerləşir. Trek İçərişəhərin tarixi küçələrindən keçərək paytaxtın müasir memarlıq nümunələri və Xəzər sahili fonunda davam edir.
Bu il Bakı Şəhər Halqasında yeni tribuna da istifadəyə verilib. “City” tribunası Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı üçün nəzərdə tutulub. Bununla da Bakı Şəhər Halqasındakı tribunaların ümumi tutumu 21 mini ötüb.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. İlk yarış Avropa Qran-Prisi adı ilə keçirilib və Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Luis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakı yarışında qalib gəliblər.
2020-ci ildə isə koronavirus pandemiyası səbəbindən Azərbaycan Qran-Prisi keçirilməyib.


No Comment! Be the first one.