Millimizin biabırçı məğlubiyyətinə İrlandiyadan alicənab reaksiya - FOTO
İrlandiya Futbol Assosiasiyası (FAI) 17 yaşadək qızlardan ibarət milli komandanın Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması üzərində 16:0 hesablı qələbəsindən sonra diqqətçəkən paylaşım edib.
Sportify.az xəbər verir ki, FAI-nin rəsmi saytında xəbər hələlik yazılmayıb, sosial şəbəkə hesabında isə hesab ümumiyyətlə qeyd olunmayıb.
Assosiasiya Azərbaycanla oyundan sonra yalnız komandanın böyük qələbə qazandığını yazıb.
İrlandiya tərəfinin 16:0 hesabını paylaşmamasının iki səbəbi ola bilər. Birinci ehtimala görə, assosiasiya hesabı paylaşmağı və ya qolların sayını unudub. İkinci və daha diqqətçəkən variant isə İrlandiyanın öz komandasının böyükhesablı qələbəsini xüsusi qabartmaq, eyni zamanda Azərbaycan yığmasının ağır məğlubiyyətini ön plana çıxarmamaq istəməsidir.
İkinci ehtimal daha inandırıcı görünür. Çünki oyunun hesabının müəyyənləşdirilməsi üçün əlavə mənbəyə ehtiyac yoxdur. Qarşılaşmanın nəticəsi matçın elektron tablosunda əks olunub, UEFA-nın rəsmi resurslarında da 16:0 hesabı qeydə alınıb.
Başqa sözlə, FAI-nin 16:0 hesabını bilməməsi real görünmür. Buna görə də paylaşımda nəticənin konkret rəqəmlərlə deyil, sadəcə “böyük qələbə” ifadəsi ilə təqdim edilməsi rəqibə münasibətdə daha alicənab yanaşma kimi də qiymətləndirilə bilər.
İrlandiya yığması seçmə mərhələsində növbəti oyununu sentyabrın 30-da Albaniyaya qarşı keçirəcək.


No Comment! Be the first one.