“Lixtenşteynlə heç-heçə Azərbaycanı da, Litvanı da motivasiya edir”
“Bilirik ki, hansı nəticə onları və bizi qane edər. Lakin bu, şüurumuza heç-heçənin bizə kifayət etdiyi fikrini gətirməməlidir. Təcrübəmdən bilirəm ki, qarşıdakı oyuna belə yanaşmaq yaxşı üsul deyil. Ona görə də qələbə üçün mübarizə aparacağıq”.
Sportify.az xəbər verir ki, bu sözləri Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunu öncəsi mətbuat konfransında deyib.
Litva millisi sentyabr-oktyabr aylarında keçirilən milli komandalar pəncərəsində son oyununa çıxacaq. Komanda Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
52 yaşlı mütəxəssis Azərbaycan millisinin Lixtenşteynlə 0:0 hesablı heç-heçəsindən də danışıb. O, bu nəticənin rəqibi daha da motivasiya edəcəyini bildirib: “Onlar qol vura bilmədilər. Belə oyunlarda bu, baş verə bilər. Müdafiə səddini yarmaq asan deyil. Komanda istəkli və qətiyyətli ola bilər, amma qapıçı yaxşı oynayar, digər zərbələr bloklana bilər. Belə detallar nəticəni müəyyənləşdirir. Əvvəlki oyundakı mənfi nəticə Azərbaycanı motivasiya edir. Amma bu, bizi də motivasiya edəcək. Çünki onların oyuna xüsusilə ciddi köklənəcəyini bilirik”.
Baş məşqçi komandalar arasında ötən həftə keçirilmiş qarşılaşmanı da xatırladıb. Kaunasda baş tutan həmin görüş 1:1 hesabı ilə başa çatıb: “Həmin oyun bərabər səviyyədə keçdi. Heç bir komanda digərindən üstün deyildi. Onların da öz epizodlarında təşəbbüsü var idi və qol vurdular. Biz isə bəlkə də bir-iki daha çox qol vəziyyəti yaratdıq. Amma bu, bərabər rəqiblərin mübarizəsi idi”.
Yankauskas Andora üzərində 3:0 hesablı qələbə zamanı heyətdə etdiyi rotasiyanın da özünü doğrultduğunu söyləyib: “Bilirdik ki, yorğunluq olacaq. Əsas futbolçularımız çox dəqiqə meydanda olmuşdular. Buna görə oyunçuları dəyişmək strategiyamızın özünü doğrultduğunu düşünürəm. Həm oyuna start heyətində başlayanlar, həm də sonradan meydana çıxanlar öz səviyyələrini göstərdilər. Bizim üçün də xoşdur ki, daha çox futbolçu belə səviyyədə oynaya biləcəyini məşqçilərə sübut etdi”.
Qeyd edək ki, oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək Azərbaycan – Litva qarşılaşması saat 17:00-da başlanacaq.


No Comment! Be the first one.