Murad Fətiyev: Bakıdakı dünya çempionatında tarix yazdıq - MÜSAHİBƏ
Bakıdakı dünya çempionatında 90 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Murad Fətiyev brifinq keçirib.
Sportify.az xəbər verir ki, karyerasında ilk dəfə mundial medalı əldə edən 27 yaşlı idmançı jurnalistlərin suallarını cavablandırıb:
– Yarımfinalda məğlub olduğunuz yaponiyalı Qoki Tajimaya ötən il Macarıstanın paytaxtı Budapeştdə Elcan Hacıyev də uduzmuşdu. Azərbaycan cüdoçuları həmin idmançıya qalib gələ bilmirlər. Sizcə, bunun səbəbi nədir?
– Elcan da ötən dünya çempionatında son saniyələrdə məğlub oldu. Mən də ilk iki şido ilə öndə idim, amma ani səhvə yol verdim və məğlub oldum. Cüdoda səhv etmək olmaz! Doğrudan da, onu məğlub etməyi çox istəyirdim. Bürünc medal görüşümdəki serbiyalı rəqibim Nemanya Maydov da çox güclü idi. Bizim çəkidə artıq çox güclü idmançılar var. Onlardan ikisi yaponlardır. Gələcək yarışlarda səhvlərimizin üzərində işləyib qalib gələcəyik.
– Medalınız rekordun yenilənməsinə töhfə verdi. Bu barədə nə düşünürsünüz?
– Buna görə çox sevindim, çünki bu, bizim beşinci medalımız oldu. Ümid edirəm ki, sabah Zelim Kotsoyev, birisigün isə Uşangi Kokauri, Kənan Nəsibov və Camal Qamzatxanov da uğur qazanacaqlar. Çünki həmin uşaqlar həddindən artıq çox əziyyət çəkiblər. Cüdoçularımızın hər biri qalib gələndə çox sevindim, çünki hamısının əziyyətini gözlərimlə görmüşəm. Ağır məşqlərimiz, çəkdiyimiz əziyyət bəhrəsini verdi. Bundan sonra da daha yaxşı nəticələr olacaq.
– Bu medal gələcək dünya çempionatlarında qızıl medal qazanmaq üçün tramplin ola bilərmi?
– Bəli. Bildiyiniz kimi, qarşımızda hazırda iki çox güclü yaponiyalı idmançısı var. Gürcüstanlı cüdoçular da çox güclüdürlər. Gürcülər məğlub olsalar da, yaponlar hazırda dünyanın ən güclüləri sırasındadırlar. Gələcək yarışlarda səhvlərimizin üzərində işləyəcək, məşqçilərimizlə birlikdə hazırlaşacağıq ki, onlara qalib gələ bilək.
– Tribunada sizə dəstək olan qohumlarınız və tanışlarınız var idi?
– Bəli, hər kəs gəlmişdi. Dostlarım, tanışlarım və ailə üzvlərim də burada idilər. Atam da gəlmişdi, şəxsi məşqçim Tərlan Həsənov da mənə dəstək olurdu.
– Azarkeşlərin dəstəyini necə qiymətləndirirsiniz?
– Doğrudan da, azarkeşlər mənə həddindən artıq çox dəstək oldular. Onların səslərini eşitdikcə əlavə enerji alırdım. Məni ruhlandırır, qışqıraraq dəstəkləyirdilər. Bu da məni daha çox motivasiya edirdi. Yarışın Azərbaycanda keçirilməsi çox gözəl oldu. Burada medal qazandıq, belə deyək, tarix yazdıq. Doğrudan da, tarix yazdıq. Bundan sonra da medallarımızın sayı artar.
– İnternetdə Bakı Dövlət Universitetinin tələbəsi olduğunuz barədə məlumat var. Bu doğrudur?
– Xeyr, bu məlumat doğru deyil. Azərbaycan İdman Akademiyasının tələbəsiyəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.