Valdas Dambrauskas: Mən bəzən bu cür sualları anlamıram
“Sabah” Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə edib: 0:0.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
– Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdi. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq “Slaviya” ilə çətin oyuna hazırlaşaq.
– “Slaviya” ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?
– Əlbəttə, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək “Borussiya Dortmund”, “Barselona” ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, daha da artıraq.
– Belə ağır oyundan sonra komandanı Çempionlar Liqası matçına hazırlamaq çətin olmayacaq?
– Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir, onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs bu cür çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiniz, öz yazınızı yazırsınız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır. Və ya nəticə əksinə olanda, deyirlər ki, heç də asan deyil. Amma bu, bizim işimizdir. Bizim işimiz komandanı qarşıdan gələn oyunlara hazırlamaqdır.
– Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda “Sabah” oldu. Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?
– Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara fasilədən sonrakı ilk oyunda şans verim. Bu, daha məntiqli görünür. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç istisna olmaqla, start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə bizimlə 3 məşqdə iştirak etmişdi, amma millidə özünü çox yaxşı tərəfdən göstərmişdi. Biz onlara bu gün fürsət verdik. Bundan əlavə, Coy Lens Mikels və Aleksey İsayev bizimlə cəmi bir məşq etmişdi. Amma Du Keyruş 3 həftədir ki, bizimlə bərabər hazırlaşırdı. Ona görə də məntiqi olaraq seçimimi bu yöndən istifadə etmişdim.
– Ötən mövsüm də “Neftçi” ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsınız. İşiniz daha da ağırlaşıbmı?
– Əlbəttə, Çempionlar Liqasında olmaq, əldə etmək istədiklərimizə yiyələnmək bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik və çempionatın ilk 3 turunda 5 xal itirmişdik. Bu mövsüm isə 6 oyundan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik. Çalışmağa davam etməliyik.
– 1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?
– Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiniz. Mən bunu deyə bilərəm.



No Comment! Be the first one.