Valdas Dambrauskas: Azarkeş dəstəyimizin 100 faiz olduğunu hiss etmədim
“Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas evdə Çexiya təmsilçisi “Slaviya Praqa”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə qələbə təəssüratlarını bölüşüb:
– Açığı, bu gün tribunlarda daha çox azarkeşin olacağını gözləyirdim. Biz dünyanın ən böyük turniri olan Çempionlar Liqasında çıxış edirik, Azərbaycanı, gözəl şəhər olan Bakını təmsil edirik. Buna görə də azarkeşlərimizin dəstəyinə ehtiyacımız var.
Nəticələrlə bağlı söz verməyəcəyəm, nə qədər xal qazanacağımıza da zəmanət verməyəcəyəm. Amma söz verə bilərəm ki, hər oyuna hazır olacağıq, ürəyimizi ortaya qoyacağıq və sona qədər mübarizə aparacağıq. Bunun kifayət edib-etməyəcəyini isə Allah bilir. Gördünüz ki, bu gün kifayət etdi. Yaxşı oyun keçirdik və üç xal qazandıq.
İndi bütün diqqətimiz hazırlığa yönəlib. Çünki bizi “Qəbələ” ilə çox çətin səfər gözləyir. Yalnız bundan sonra Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı növbəti ev oyunumuz barədə danışacağıq.
Azarkeşlərə gəlincə, biz hər oyunda 100 faizdən də artıq gücümüzü ortaya qoyuruq. Onlardan da eyni dəstəyi gözləyirik. Çünki bu axşam azarkeşlərimizin dəstəyinin tam 100 faiz olduğunu hiss etmədim.
– Rəqib futbolçu Tomaş Vlçek oynan əvvəl “Sabah”ı ən asan rəqib gördüklərini açıqlamışdı. Meydandakı 2:0-lıq cavabdan sonra həmin bəyanat paltar dəyişmə otağında futbolçular üçün motivasiya oldumu?
– Oyundan əvvəl bu barədə danışmamışdıq. Düşünmürəm ki, bu, bizim üçün motivasiya olsun. Eyni zamanda, bunun bizə mənfi təsir etdiyini və ya bizi təhqir etdiyini də düşünmürəm. Bəli, kağız üzərində, bazar dəyərinə, nailiyyətlərimizə və tarixi uğurlarımıza baxsaq, biz çox gənc klubuq. Yəqin ki, kağız üzərində Çempionlar Liqasının ən zəif komandası da bizik. Amma zəif görünmək futbol meydanında da zəif olacağımız demək deyil.
Həqiqətən möhtəşəm komandamız var və heyətimizdə çox keyfiyyətli futbolçular çıxış edir. Deyə bilərəm ki, komandamızın inkişaf etmək və qarşıdakı oyunlarda daha yaxşı çıxış etmək üçün böyük potensialı var. Bizim etməli olduğumuz yeganə şey bu potensialı meydanda reallaşdırmaqdır. Çempionlar Liqasında, eləcə də ölkə çempionatında hər oyuna çıxanda məhz bunu etməyə çalışacağıq.
– Artıq üç xal qazanmışıq və ikinci oyunumuzda ilk qələbəmizi əldə etmişik. Qarşıda hələ altı oyun var. Belə düşünə bilərik ki, iştahımız arta bilər və niyə də pley-offa yüksəlməyək?
– İstədiyinizi deyə bilərsiniz, amma hazırda mənim fikrim bunlarla məşğul deyil. İndi məni ən çox düşündürən məsələ Qəbələ ilə oyun və sabahkı məşqdir. Çünki bizi çox çətin qarşılaşma gözləyir.
Çempionlar Liqasından, böyük azarkeş kütləsinin olduğu stadiondan və möhtəşəm səhnədən yerli çempionata köklənmək çox çətindir. İndi dərhal bunu bacarmalıyıq. Gələcəkdə uğur qaz
– Rəqibin uzaq səfərdən gəlməsi onların zəif çıxış etməsinə səbəb ola bilərmi?
– Bunu haradan bilim? Açığı, bilmirəm. “Slaviya”nın öz səbəbləri var və bunu yalnız onlar izah edə bilərlər. Mən öz komandamın səbəblərini bilirəm və yalnız komandam haqqında danışa bilərəm. “Slaviya”nın hansı səbəblərdən belə çıxış etdiyini isə deyə bilmərəm.
– Stiv Solvetin əvəzlənməsi artıq bir sarı vərəqəsinin olması və ikinci sarıdan qırmızı vərəqə alma təhlükəsi ilə bağlı idi?
Xeyr, onun sarı vərəqə aldığına görə əvəzlənməsi ilə bağlı heç bir məsələ yox idi. Bildiyiniz kimi, Solvet bir aydan çox idi ki, rəsmi oyunlarda iştirak etmirdi və ciddi zədə keçirmişdi.
“Sabah”ın tibbi heyətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar, demək olar ki, möcüzə yaratdılar. Solvetin meydana qayıtması üçün ilkin proqnoz 6-8 həftə idi, amma cəmi dörd həftədən sonra o, sıraya qayıtdı, Çempionlar Liqası oyununda iştirak etdi və bu gün qələbə qazanmağımıza kömək etdi.
Ancaq o, komanda ilə cəmi dörd məşq keçmişdi və həmin məşqlər də tam həcmdə olmamışdı. Deyərdim ki, yalnız iki məşqi tam yerinə yetirmişdi, digər məşqlərdə isə qismən iştirak etmişdi. Buna görə də problem zədə deyil, fiziki hazırlıq səviyyəsi idi. Onun 90 dəqiqə meydanda qala bilməyəcəyini ehtimal edirdik.
Əvvəlcədən planlaşdırmışdıq ki, bacardığı qədər oynayacaq, sonra isə əvəzlənəcək. Ona görə də Solvetə böyük alqış düşür. O, həqiqətən möhtəşəm futbolçudur. Eyni zamanda, meydana daxil olan Rəhman da xüsusi tərifə layiqdir. Mərkəz müdafiəçisi üçün oyunun son dəqiqələrində meydana çıxmaq və bu qədər təzyiqə tab gətirmək çox çətindir. Buna baxmayaraq, qapımızı toxunulmaz saxlamağı bacardıq.
Bütün müdafiə xətti, dayaq yarımmüdafiəçiləri və qapıçı möhtəşəm iş gördülər.
– Ümumiyyətlə, komandanızın Çempionlar Liqasında fiziki hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Mövcud vəziyyət “Borussiya Dortmund”la oyunda sizə çətinlik yarada bilərmi? Çünki bəzi epizodlarda “Sabah” futbolçularının rəqiblə fiziki mübarizədə çətinlik çəkdiyi görünürdü…
– Belə deyə bilərəm: bəs oyunu kim qazandı? Futbol elə bir oyundur ki, sürətli olmadan da yaxşı oynamaq mümkündür. Boyun qısa ola bilər, güclü olmaya bilərsən, amma yenə də futbol oynaya bilərsən. Çünki çatışmayan cəhətləri başqa keyfiyyətlərlə kompensasiya etmək mümkündür.
Bəzi klublar futbolçuları əsasən fiziki göstəricilərinə görə seçirlər, digərləri isə texniki və taktiki keyfiyyətlərə üstünlük verirlər. Futbol oyununda qələbə qazanmağın müxtəlif yolları var və biz də onlardan birini seçmişik.
Bəli, bu fərq müəyyən məqamlarda görünmüş ola bilər. Amma hesabda öndə idik, 2:0 hesabı ilə qalib gəlirdik və hətta üçüncü qolu da vura bilərdik. Buna görə də burada problem görmürəm.
Gələcəkdə nələrin baş verəcəyini isə zaman göstərəcək. Bizim əlimizdə olan komanda budur və hər oyuna hazırlaşacağıq. Ancaq gələcəyi görə bilmirəm. Dediyim kimi, edə biləcəyimiz yeganə şey əlimizdən gələni etmək və hər oyunda 100 faiz gücümüzü ortaya qoymaqdır.



No Comment! Be the first one.