“Real Madrid” Xavyer Tebasın istefasını tələb etdi
İspaniya təmsilçisi “Real Madrid” İspaniya La Liqasının prezidenti Xavyer Tebasın istefasını tələb edib.
Sportify.az xəbər verir ki, bu barədə klub rəsmi saytında bəyanat yayıb. Madrid klubu Tebasın klub rəhbərliyinin fəaliyyətini nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin metodları ilə müqayisə etməsinə etiraz bildirilib.
Klub rəhbərliyi bu ifadələri qəbuledilməz, təhqiredici və tutduğu vəzifəyə yaraşmayan açıqlama kimi qiymətləndirib. “Real Madrid” hesab edir ki, Tebasın bu cür fikirləri kluba, onun prezidentinə və klubun televiziya kanalına qarşı davamlı hücumların növbəti nümunəsidir.
Bəyanatda “Neqreyra işi”nə də toxunulub. Madrid klubu “Barselona”nın bir neçə il ərzində hakimlər komitəsinin vitse-prezidentinə etdiyi ödənişlərin hərtərəfli araşdırılmasını tələb etdiyini xatırladıb. “Real Madrid” bu məsələ ilə bağlı UEFA-ya müraciət etdiyini və İspaniya futbolunda şəffaflığın təmin olunmasını istədiyini bildirib.
Həmçinin hakimlik sistemində, İspaniya Futbol Federasiyasının idarəetmə, nəzarət və intizam strukturlarında əsaslı islahatların aparılmasının vacibliyi vurğulanıb.
“Real Madrid”in fikrincə, Xavyer Tebasın açıqlamaları onun neytrallığına və qərəzsizliyinə ciddi şübhələr yaradır, bu isə tutduğu vəzifələrlə bir araya sığmır.
Madrid klubu Xavyer Tebasın həm La Liqanın prezidenti, həm də İspaniya Kral Futbol Federasiyasının vitse-prezidenti vəzifələrindən dərhal istefa verməsini tələb edib.
Klub bəyanatında hüquqlarını və nüfuzunu qorumağa, “Neqreyra işi”nin tam araşdırılmasına və İspaniya futbolunda zəruri islahatların həyata keçirilməsinə çalışacağını bildirib.



No Comment! Be the first one.