Filipe Kandido: Futbolçularım qələbəyə layiq idilər
Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı məğlub edib: 2:1.
Sportify.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido fikirlərini bölüşüb:
– Oyunla bağlı çox xoşbəxtəm. Düşünürəm ki, futbolçularım bu qələbəyə layiq idilər. Mən hər zaman əməyə, davamlı çalışmağa inanan insanam. Komanda olaraq mövsümün əvvəlindən bu günə qədər çox işləmişik, gərgin məşqlər keçmişik. Buna görə də oyundan-oyuna inkişaf etməyimiz gözləniləndir. Son oyundan sonra futbolçularımın bu qələbəyə layiq olduqlarını düşünürəm, çünki onlar çox çalışırlar.
90 dəqiqəlik oyun haqqında danışarkən, ilk növbədə qeyd etməliyəm ki, qarşılaşmanın başlanğıcı xoşuma gəlmədi. Futbolçularımı əvvəlcədən xəbərdar etmişdim ki, ilk qələbəsini qazanan komandalara qarşı oynayarkən bəzən rahatlığa qapılmaq təhlükəsi yaranır. Azərbaycan Premyer Liqasında hər oyuna düzgün yanaşmaq lazımdır.
Rəqib də oyunun əvvəlində bizi müəyyən qədər təəccübləndirdi. Meydanın mərkəzində dörd futbolçu ilə oynayırdılar. Təxminən 10 dəqiqədən sonra bu üstünlüyü necə aradan qaldıra biləcəyimizi anladıq və müəyyən düzəlişlər etməyə çalışdıq. Lakin həmin müddətdə çoxlu top itirdik. Futbolçularım meydanda həddindən artıq rahat görünürdülər və sanki oyunu asanlıqla qazanacaqlarını düşünürdülər. Halbuki futbolda asan oyun yoxdur və biz heç vaxt belə yanaşma ilə meydana çıxmamalıyıq.
“Araz-Naxçıvan”ın fərdi keyfiyyətləri yüksək olan futbolçulara sahib olduğunu bilirdik. Onlara sərbəst oynamaq imkanı versəydik, qol vəziyyətləri yarada biləcəklərini də anlayırdıq. Təəssüf ki, sadə bir top itkisindən sonra rəqib qol vurdu və hesab 1:0 oldu. Bu, bizim üçün oyunu çətinləşdirdi.
Fasilədə müəyyən dəyişikliklər etdik və futbolçulara tapşırıqlar verdik. İkinci hissədə komandamız tamamilə fərqli çıxış etdi. Meydanın mərkəzini bağladıq, yüksək pressinq tətbiq etdik, bəzi məqamlarda isə hesabda geridə olduğumuz üçün riskə gedərək adam-adama pressinqə üstünlük verdik.
Futbolçularım böyük cəsarət göstərdilər. İkinci hissədə yaxşı intensivliklə və aqressivliklə oynadıq, çoxlu qol imkanları yaratdıq. Düşünürəm ki, bu qədər qol vəziyyəti yaratdığımız qarşılaşmada qələbəyə layiq idik. Çətin oyun oldu, amma nəticədən məmnunam.
– İlk hissədə komandanız ehtiyatlı, hətta bir qədər qorxaq futbol oynayırdı. Naxçıvan təmsilçisinin qoluna qədər “Sumqayıt” irəli çıxmaqda çətinlik çəkirdi. Qoldan sonra isə komanda sanki oyandı və hücuma atıldı. Bu, sizin tapşırığınız idi, yoxsa komanda özü geriyə çəkilmişdi?
– Düşünmürəm ki, futbolçularımız qorxaq futbol oynayırdılar. Əlbəttə, rəqiblərə hörmətlə yanaşırıq, amma bu, qorxmaq demək deyil.
Məncə, ilk hissədə əsas problem konsentrasiya çatışmazlığı idi. Futbolçular oyuna lazımi səviyyədə köklənə bilmirdilər və çoxlu top itirirdik. Demək olar ki, meydanın müxtəlif zonalarında topa nəzarəti itirirdik və rəqib üzərində üstünlük qura bilmirdik.
Rəqibin vurduğu qol sanki komandamız üçün bir xəbərdarlıq oldu. Həmin qoldan sonra futbolçularımız oyuna daha ciddi yanaşmağa başladılar.
Fasilədə müdafiə mövqelərimizdə müəyyən düzəlişlər etdik. İkinci hissədə rəqibin üzərinə daha inamla getdik və öz oyunumuzu göstərməyə başladıq. Düşünürəm ki, ikinci hissədə komandamız oyuna tam nəzarət etdi və qələbəyə layiq çıxış etdi.
– Hücumçuların yoxluğunda Nihad Əhmədzadəni hücumun mərkəzində oynatdınız. Bu qərar əvvəlcədən məşqlərdə sınaqdan keçirilmişdi, yoxsa oyun zamanı verilən spontan qərar idi?
– Fərdi oyunçular haqqında danışmağı çox sevmirəm. Amma burada vacib məqamlardan biri odur ki, zədəli futbolçularımızın yoxluğu barədə çox danışılmır. Baş məşqçi olaraq əsas hücumçularımız olmadıqda komandanın daxilində alternativ həll yolları tapmalıyam.
Nihadın bu mövqedə oynaması onun üçün ideal variant olmaya bilər. Bununla belə, o, gənc futbolçudur, mübarizə aparmaq və inkişaf etmək istəyir. Fiziki baxımdan hələ müəyyən çatışmazlıqları olsa da, yaxşı mübarizə aparır və meydanda ağıllı qərarlar verə bilir. Boşluqları tapmağı, uyğun mövqelərə daxil olmağı bacarır.
Bu gün də yaxşı mübarizə apardı və sonda qələbə qolunu vurdu. Buna görə çox sevinirik. Düşünürəm ki, Nihadın yaxşı futbolçu olmaq üçün böyük potensialı var. Ancaq onun hələ qarşıda çox işi var. O, gəncdir və əsas heyətdə oynamağa layiq olduğunu daim sübut etməlidir.
Komandanın iki əsas hücumçusunu itirməsi asan deyil. Belə vəziyyətlərdə müəyyən risklərə getməyə məcbur oluruq. Bu dəfə qərarımız özünü doğrultdu və Nihad bizə kömək etdi.
– Qarşıdakı “Zirə” oyunu barədə nə düşünürsünüz? Həmçinin, bu rəqibə qarşı mövcud statistikanı bilirdinizmi?
– Əlbəttə, “Zirə”nin əvvəlki oyunlarını izləmişəm. Bilirik ki, keyfiyyətli futbolçulara və yaxşı heyətə sahib komandadırlar. Amma qarşıdakı görüşə hazırlaşmaq üçün bu həftə ərzində rəqibin oyununu daha ətraflı təhlil edəcəyik.
Mən məşqçi kimi hər zaman növbəti oyuna fokuslanmağa çalışıram. Hazırda əsas məqsədimiz “Zirə” ilə qarşılaşmaya hazırlaşmaq və qələbə qazanmaqdır.
Qeyd etdiyiniz statistika barədə məlumatım yox idi. İndi bundan xəbərim oldu və bəlkə də həmin məlumatdan futbolçularımızı əlavə motivasiya etmək üçün istifadə edəcəyik. Hər bir halda, bu statistikanı dəyişməyə çalışacağıq.



No Comment! Be the first one.