“Borussiya Dortmund”un baş məşqçisi: Favorit bizik
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda təmsilçimiz “Sabah” doğma meydanda Almaniya təmsilçisi “Borussiya Dortmund”u qəbul edəcək.
Sportify.az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında “Borusiya Dortmund”un baş məşqçisi Niko Kovaç jurnalistlərin suallarını cavablandırıb:
– Niko, Bakıya ilk dəfə gəlirsiniz? Şəhər, stadion və rəqib barədə təəssüratlarınız necədir?
– Xeyr, bu, Bakıya ikinci gəlişimdir. Daha əvvəl Xorvatiya millisi ilə burada olmuşam. Azərbaycanı yaxşı tanıyıram. Gözəl ölkədir və hər kəsə buraya gəlməyi tövsiyə edərdim. Rəqibimizi təhlil etmişik, əlimizdə olan bütün materiallardan istifadə etmişik. Dünən “Union Berlin”lə oyunumuz olduğuna görə hazırlıq üçün vaxtımız məhdud idi. Buna baxmayaraq, sabahkı qarşılaşma üçün lazımi məlumatları toplamışıq.
– Son oyunlarda komandada cəsarət və hücumda inam çatışmazlığı hiss olunur. Bu problemi necə həll etməyi düşünürsünüz?
– Bunu həm cəsarət, həm də hücumda daha qətiyyətli olmaq kimi qiymətləndirmək olar. Son oyunlarımızı təhlil etmişik və təhlükəli hücumlar yaratmaq baxımından müəyyən çatışmazlıqlarımızın olduğunu görürük. Sabah qalib gəlmək istəyiriksə, qol vurmalı və hücum epizodlarını düzgün tamamlamalıyıq.
– Mats Hummels uzun illər komandanın əsas simalarından biri olub. Onun gedişindən sonra komandada nələr dəyişib?
– Düzünü desəm, bu barədə çox dərindən düşünmürəm. Komanda yenilənib, heyətə yeni futbolçular qoşulub. Futbolda belə dəyişikliklər təbiidir. Hazırda diqqətimizi sabahkı oyuna yönəltmişik.
– Komandanın yaradıcılıq və hücum potensialı ilə bağlı çətinlikləri var. Bu boşluğu necə doldurmağı planlaşdırırsınız?
– Heyətimizi gücləndirmək üçün çalışırıq. Əminəm ki, qarşıdakı oyunlarda bu istiqamətdə irəliləyiş əldə edəcəyik.
– “Sabah”la “Bodo Qlimt”in oyun üslublarında müəyyən oxşarlıqlar var. Sabahkı qarşılaşma barədə nə düşünürsünüz? Bakı şəhəri haqqında təəssüratlarınız necədir?
– Bakı çox gözəl şəhərdir. Sabah bizi çətin oyun gözləyir, amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Komandanız hazırda turnir cədvəlində ikinci yerdədir və lider “Bayern Münhen”lə eyni xala malikdir. Mövsümün bu mərhələsində vəziyyəti necə qiymətləndirirsiniz?
– Əvvəlcə oyunlarımızda düzgün qərarlar verməli və qarşılaşmalara daha yaxşı hazırlaşmalıyıq. Hazırkı vəziyyəti əvvəlki dövrlərlə müqayisə etmək asan deyil. Bremenlə oyunda üstün tərəf biz idik, amma qarşılaşma 2:2 hesabı ilə başa çatdı. Bu, bizim üçün yaxşı nəticə deyil. Əsas məsələ nəticələrimizi yaxşılaşdırmaqdır. Sabah yenidən məşq edəcəyik və problemlərimizi aradan qaldırmağa çalışacağıq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Bahar Rüstəm




No Comment! Be the first one.