“Borussiya Dortmund” rəsmisi: Qələbə ilə qayıtmaq iddiamız olmalıdır
Almaniyanın “Borussiya Dortmund” klubunun idman direktoru Lars Rikken UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi Bakı səfəri və komandanın hədəfləri barədə danışıb.
Sportify.az xəbər verir ki, klub rəsmisi jurnalistlərə açıqlamasında Azərbaycan təmsilçisinin müdafiədə güclü və özünəinamlı komanda olduğunu vurğulayıb.
“Çempionatda birinci yerdədirlər, Çempionlar Liqasında da qələbə qazanıblar. Buna baxmayaraq, qələbə ilə qayıtmaq iddiamız olmalıdır”, – deyən Rikken Bakıya səfərin uzunluğuna da toxunub. O bildirib ki, komanda bir neçə gün əvvəl Şimal qütb dairəsinin yaxınlığında olub, daha sonra Berlinə yollanıb, indi isə Bakıya beş saatlıq uçuş edib. Bununla belə, klub rəsmisi belə səfərlərin “Borussiya Dortmund”da çıxış etməyin bir hissəsi olduğunu deyib.
Rikken komandanın ardıcıl üç oyunda qələbə qazana bilməməsini də dəyərləndirib: “Bu, “Borussiya Dortmund” üçün normal deyil. Lakin mövsümün əvvəlində Bundesliqada, Almaniya Kubokunda və Çempionlar Liqasında özümüz üçün çox yaxşı mövqe yaratdığımızı unutmamalıyıq. İndi mübarizə aparmaq, hazır olduğumuzu göstərmək və nəticələrimizi qorumaq vaxtıdır”.
“Borussiya Dortmund” rəsmisi hücumdakı problemlərin aradan qaldırılmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, komanda daha təşəbbüskar, aqressiv və məqsədyönlü oynamalı, qol imkanları yaratmalı və qələbə istəyini meydanda göstərməlidir: “Belə bir Çempionlar Liqası matçını həvəs və səbirsizliklə gözləyirik. İndi yanaşmamız məhz belə olmalıdır”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” qarşılaşması saat 20:45-də başlanacaq.



No Comment! Be the first one.