Millimizin baş məşqçisi əsas məqsədi açıqladı
“Hazırlıq prosesi plan üzrə gedir və artıq turnirə son hazırlıq mərhələsindəyik. Əsas məqsədimiz futbolçuları oyunlara tam hazır vəziyyətə gətirməkdir”.
Sportify.az xəbər verir ki, bunu 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycan milli komandasının baş məşqçisi Famil Xəlilov açıq məşqdən əvvəl jurnalistlərə müsahibəsində bildirib.
Komandanın hazırlığı barədə danışan gənc mütəxəssisin sözlərinə görə, turnirin formatı yeni olduğundan, rəqiblər barədə məlumatları məhduddur. Buna görə də Xəlilov mövcud məlumatları təhlil edərək, öz oyun planları üzərində işlədiklərini diqqətə çatdırıb.
O qeyd edib ki, əsas hədəf Azərbaycanı layiqincə təmsil etmək, hər oyunda maksimum mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni göstərməkdir: “Eyni zamanda, bu turnirin futbolçularımızın inkişafına töhfə verəcəyinə inanırıq. Oyunların Bakıda keçirilməsi də bizim üçün əlavə motivasiyadır. İnanıram ki, komandamız üzərinə düşən məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə hazırdır”.
Xatırladaq ki, Azərbaycanın U-16 milli komandası turnirdə ilk oyununu oktyabrın 24-də “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Görüş saat 19:30-da start götürəcək.



No Comment! Be the first one.