"Neftçi" yenə xal itirdi, “Kəpəz”dən əzmkar qələbə – YENİLƏNDİ
Misli Premyer Liqasında IX turun növbəti oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da “Şəfa” “Kəpəz”i qəbul edib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.
20-ci dəqiqədə “Kəpəz”in futbolçusu Viktor Stina penaltini dəqiq yerinə yetirə bilməyib. Onun zərbəsini “Şəfa”nın qapıçısı Tiaqo Silva qaytarıb.
Qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə Maudo Jarjue künc zərbəsindən sonra topu Gəncə komandasının qapısından keçirib.
Bu zaman meydanın mərkəzində Tiaqo Silva Viktor Stinanı vursa fa, referi qapıçıya sarı vərəqə göstərməklə kifayətlənib.
74-cü dəqiqədə “Şəfa”nın qapısına növbəti penalti təyin olunub. Bu dəfə Şakir Seyidov 11 metrlik nöqtəyə yaxınlaşıb və topa dəqiq zərbə endirib.
79-cu dəqiqədə isə Benito yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, bu qələbə sayəsində xalını 14-ə yüksəldən “Kəpəz” 6-cı pilləyə qalxıb. “Şəfa” isə 3 xalla 11-cidir.
Daha bir oyun isə “Neftçi” və “Turan Tovuz” arasında olub.
Bakı təmsilçisi ilk hissədə azlıqda qalıb. İqor Ribeyro 30-cu dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Azlıqda qalmasına baxmayaraq Yuri Vernidubun komandası fasiləyədək fərqlənib. Breno Almeyda 44-cü dəqiqədə topu qapıdan keçirib.
İkinci hissədə isə say üstünlüyündən istifadə edən Tovuz təmsilçisi tarazlığı bərpa edib. Aleksa Yankoviç 73-cü dəqiqədə baxımlı zərbə ilə yekun nəticəni müəyyənləşdirib – 1:1.
Beləliklə, 1 xal qazanan “Neftçi” 18 xalla 2-cidir. “Turan Tovuz” isə 15 xalla 4-cü pillədə qərarlaşıb.
———————-
Bu gün Misli Premyer Liqasında IX turun daha iki görüşü keçiriləcək.
Sportify.az xəbər verir ki, ikinci oyun gününün qarşılaşmaları Sumqayıtda və Bakıda gerçəkləşəcək.
“SOCAR Polymer Arena”da “Şəfa” “Kəpəz”i qəbul edəcək. Saat 16:30-da başlanacaq matçı baş hakim Cavid Cəlilov idarə edəcək.
Hazırda “Şəfa” 8 oyundan 3 xalla 11-ci, “Kəpəz” 7 oyundan 11 xalla 7-ci yerdə gedir. Komandalar ilk dəfə üz-üzə gələcəklər.
Günün digər görüşündə isə “Palms Sports Arena”da “Neftçi” son zamanlar qeyri-sabit çıxışı ilə seçilən “Turan Tovuz”u sınağa çəkəcək. Saat 19:00-da başlanacaq qarşılaşmanı baş hakim Əli Əliyev idarə edəcək.
Hazırda “Neftçi” 8 oyundan 17 xalla 2-ci, “Turan Tovuz” 14 xalla 5-ci yerdə gedir. Paytaxt təmsilçisi qalib gəlsə, ən azı bir günlük liderliyə, Tovuz komandası qələbə qazansa, 2-ci pilləyə yüksələcək.
Bu kollektivlər arasındakı əvvəlki 15 görüşün 6-da “Neftçi”, 3-də “Turan Tovuz” üstün olub, daha 6-da isə heç-heçə qeydə alınıb. Topların nisbətində də bakılılar öndədir – 17:12.
“Neftçi” son üç görüşdə qol vurmayıb. “Turan Tovuz” son 4 səfərdə xal qazanıb.
Misli Premyer Liqası
IX tur
24 oktyabr (şənbə)
16:30. “Şəfa” – “Kəpəz” – 1:2
Qollar: Maudo Jarjue, 55 – Şakir Seyidov, 74 (pen.). Benito, 79
İstifadə olunmamış penalti: Viktor Stina, 20 (“Kəpəz”)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Vüqar Həsənli
AVAR: Namiq Hüseynov
“SOCAR Polymer Arena”
19:00. “Neftçi” – “Turan Tovuz” – 1:1
Qol: Breno Almeyda, 44 – Aleksa Yankoviç, 73
Qırmızı vərəqə: İqor Ribeyro, 30 (“Neftçi”)
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov,
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
“Palms Sports Arena”
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı 2:1, “Zirə” evdə “Sumqayıt”ı 3:2 hesabı ilə yenib. Tura oktyabrın 25-də keçiriləcək “İmişli” – “Şamaxı” və “Sabah” – “Qarabağ” görüşləri ilə yekun vurulacaq.



No Comment! Be the first one.