Azər Məmmədov: "Kəpəz"də təkcə futbolçular yox, rəhbərlik də dağılıb-yığılırdı"
“Görüşə bəzi itkilərlə çıxmışdıq. Zədəli futbolçularımız var idi. Ağır oyunun olacağını bilirdik. Birinci hissədə daha yaxşı idik, hesabı açmağa layiq idik. Sadəcə, sonluq çatışmadı. İkinci hissənin əvvəllərində isə etiraf edim ki, komandamız bir az “oturdu”. Daha doğrusu, rəqib bizə təzyiq göstərdi və bir qol vurdu”.
Sportify.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov səfərdə “Şəfa”ya 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
50 haqlı mütəxəssisin sözlərinə görə, qol buraxdıqdan sonra sistemdə etdikləri dəyişiklik bəhrəsini verib. O, komandasının yaxşı çıxışı sayəsində geridönüş edərək qələbə qazandıqlarını bildirib.
Məmmədov hazırda “Kəpəz”in uğurlu seriya yaxaladığını bildirib: “Futbolçularımız əziyyətlərinin bəhrəsini görürlər. Amma etiraf edim ki, yığdığımız xallara və turnir cədvəlindəki mövqeyimizə rəğmən, hələ daha çox işləməliyik. Çatışmayan cəhətlərimiz var. Sevindirici hal odur ki, futbolçularımız get-gedə öz oyunlarını tapır, bir-birilərinə uyğunlaşırlar. Artıq oyunumuzda da irəliləyiş var. Amma düşünürəm ki, bu uşaqlar daha artığını bacara bilərlər. Qışadək belə davam etsək, bunun özü də bizim üçün böyük uğur olacaq. Bəli, mövsümün ikinci yarısı üçün transferlər etmək istəyirik. Lakin daha yüksək pillələr üçün oynamağa hələ hazır deyilik”.
Baş məşqçi etiraf edib ki, azarkeş dəstəyi nəticələrdə danılmazdır: “Fsürsətdən istifadə edərək, uzaq yol qət edən və bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sözsüz ki, azarkeş dəstəyini hiss edirik və nəticələrdə bu amilin rolu danılmazdır. Lakin “Kəpəz”in hər mövsüm Ptemyer Liqada qalmaq uğrunda mübarizə aparması ümumi problem idi. Çünki “Kəpəz” hər il dağılırdı və sonra yığılırdı. Hətta deyərdim ki, təkcə futbolçular səviyyəsində dağılma olmurdu. Rəhbərliklərdə də tez-tez dəyişiklik olurdu. “Kəpəz”də stabillik heç vaxt olmayıb. Güman edirəm ki, hazırkı rəhbərlik stabillik yaradacaq. Açığı, bu nəticələrdə əməyi olan insanlar var ki, hazırda “Kəpəz”də strukturlu, sağlam iş görməyə çalışırlar. Bu sırada futbolçular və biz məşqçilər də varıq. Başda isə rəhbərlik durur. Belə davam etsə və bir qədər də sponsor dəstəyi olsa, ilbəil daha fərqli “Kəpəz” ola bilər və ilk illərindəki iddialı vəziyyətini qaytara bilər”.
Məmmədov mükafatlar üçün müəyyən məbləğin ayrıldığını, amma həmin məbləğin bu qədər qələbə və heç-heçə üçün tənzimlənmədiyini əlavə edib: “Həmin məbləğin çox hissəsini uşaqlar öz zəhmətləri ilə qazanıblar. Bəli, qələbələrin mükafatlara təsiri var. Amma rəhbərliyimiz minimal büdcə ilə maksimal mükafat verməyə çalışır”.


No Comment! Be the first one.