Famil Xəlilov: Qrupda maksimum xal toplamağı hədəfləmişik
FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan U-16 millisi ilk matçında Şərqi Timor millisini darmadağınla məğlub edib: 6:0.
Sportify.az xəbər verir ki, matçdan sonra Azərbaycan U-16 millisinin baş məşqçisi Famil Xəlilov jurnalistlərin suallarını cavablandırıb.
– Komanda FİFA-nın dəstəyi ilə keçirilən turnirdə ilk oyununa çıxdı və böyükhesablı qələbə qazandı. Təəssüratlarınız necədir?
– İlk öncə futbolçularımı təbrik edirəm. Bilirdik ki, ilk oyunlar çox çətin keçir. Bu, birinci hissədə özünü göstərdi. İkinci hissədə futbolçular özünü toparlaya bildilər, layiqli qələbə qazandılar. Amma buna baxmayaraq, arxayınlaşmaq olmaz. Bizim işimiz hələ indi başlayır. Biz çalışmalıyıq ki, maksimum nəticə qazanaq, bu qrupda qrupumuzu liderlər sırasında bitirək.
– Bəs gələcək rəqiblərdən nə deyə bilərsiniz?
– Rəqiblərimiz kifayət qədər güclü komandalardır. Bu gün artıq onların oyunlarını izlədik. Hər biri uğur qazanmaq üçün əlindən gələn mübarizəni aparır. Həmçinin, biz də ev sahibiyik, biz də istəyirik ki, yaxşı mənada iz buraxaq bu çempionatda.
– Oyundan sonra cənab Prezident sizi təbrik etdi. Bu barədə zəhmət olmasa…
– Çox qürurverici, sevindirici bir hissdir. Təbii ki, ölkə başçısının bizi qəbul etməsi — bu, bizdə artıq əlavə bir motivasiyadır. Bunu futbolçular da, biz də hiss edirik. İnşallah, daha məsuliyyətli olacağıq, növbəti oyunlarda əlimizdən gələn ən yaxşısını eləməyə çalışacağıq.
– Qrupdan neçə xalla, yəni neçənci yerdə çıxa bilərsiniz?
– Təbii ki, qrupda maksimum xal toplamağı hədəfləmişik. Avstraliya, Haiti – qrupumuzdakı komandalar artıq bu gün oyunları izlədikdən sonra xeyli qədər güclərini artırıblar. Biz də onlarla mübarizə aparıb yaxşı nəticə alacağımızı düşünürük. Amma bir balaca futbolçular özlərinə inanmalıdırlar, həyəcanı üzərlərindən atmalıdırlar, inanmalıdırlar ki, yaxşı nəticələr verəcəklər.
– Format dəyişilib, 11-ə 11 deyil, 8-ə 8-dir. Bu, taktikaya necə təsir edir? Futbolçuların bu taktikaya uyğunlaşması necə gedir?
– Bu formatın təşkil olunması ilə bağlı biz artıq Arsen Venger ilə iclasda müzakirələr etdik. Gördük ki, bu formatı təşkil etməkdə məqsəd daha çox futbolçunun topla təmas etməsi, daha çox intensivliyin olmasıdır. Deyərdim ki, böyük futboldan daha çox hərəkət var, daha çox fiziki yük var. Futbolçular artıq bu formatı keçdikdən sonra nisbətən daha yaxşı uyğunlaşacaqlar. O format bir az çətindir.
– Gələcəkdə bu, qlobal hala çevrilə bilərmi?
– Ola bilər.
Bahar Rüstəm


No Comment! Be the first one.