Hidayət Heydərov Böyük Dəbilqədə - SİYAHI
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 29–31 oktyabr tarixlərində
Cüdo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları oktyabrın 29-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə start götürəcək Böyük Dəbilqəyə qatılacaqlar.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, üç gün davam edəcək nüfuzlu yarışda 9 çəki dərəcəsində 11 idmançı mübarizə aparacaq.
Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) kişilərin, Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qadınların mübarizəsində çıxış edəcək.

7 kişi və 4 qadın cüdoçudan ibarət kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 60 ölkədən 400-ə cüdoçu iştirak edəcək.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.



No Comment! Be the first one.