Bakıdakı dünya çempionatında irqçilik qalmaqalı
FİFA-nın Bakıda təşkil etdiyi U-15 dünya çempionatı və festivalında İngiltərə və İrlandiya yığmaları arasında keçirilən oyun irqçilik iddiası ilə əlaqədar yarımçıq dayandırılıb.
Sportify.az xəbər verir ki, hadisə İrlandiya millisinin 4:1 hesabı ilə öndə olduğu qarşılaşmanın son dəqiqəsində yaşanıb.
İngiltərə yığmasının futbolçularından biri rəqib komandanın üzvünün onu “meymun” adlandırdığını iddia edib. Baş məşqçi Mett Torp bu iddiadan sonra futbolçularını meydandan çıxarıb. Komandanın köməkçi məşqçisi isə hakimə “Biz irqçiliklə bağlı şikayət edirik” deyib.
Hadisə zamanı hər iki komandanın məşqçilər korpusu arasında da gərgin mübahisə yaşanıb.
FIFA qarşılaşmanın hakim tərəfindən yarımçıq dayandırıldığını təsdiqləyib. İnsidentlə bağlı iş qurumun müstəqil intizam komitəsinə göndərilib.
İngiltərə Futbol Assosiasiyası (FA) hadisəyə ciddi yanaşdıqlarını və əlavə məlumat gözlədiklərini açıqlayıb.
Qeyd edək ki, İngiltərə millisi İrlandiya ilə görüşədək qrup mərhələsində keçirdiyi ilk üç oyunun hamısında qələbə qazanıb. Bakıda təşkil olunan turnirdə 189 ölkə iştirak edir.



No Comment! Be the first one.