Orxan Məmmədov: Əsas məqsədimiz minifutbolun inkişafı və milli komandaya istedadlı futbolçuların qazandırılmasıdır
“Güclü çempionat olmadan milli komandanın da yüksək səviyyədə və stabil çıxış etməsi çətin olar”.
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov minifutbol üzrə Ölkə Çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimində çıxışı zamanı deyib.
“Bu gün biz növbəti dəfə ölkə çempionatını təşkil edirik. Əlbəttə ki, minifutbolun inkişafı üçün yerli çempionatın güclü olması vacibdir. Federasiya olaraq hər il çempionatda güclü komandaların iştirak etməsi, sabit çıxış edən kollektivlərin olması üçün çalışmalıyıq. Əsas məqsədlərimizdən biri də minifutbolun ölkəmizdə daha da inkişaf etməsi, çempionatın səviyyəsinin yüksəlməsi və ən vacibi, milli komandamız üçün istedadlı futbolçuların üzə çıxarılmasıdır.
Bu, hər zaman əsas məqsədimiz olub. Milli komandamız uğurlu bir dövr keçirir. Bu il keçirilən çempionatda qalib olduq və əlbəttə ki, burada yerli çempionatın güclü olmasının da rolu var. Çünki güclü çempionat olmadan milli komandanın da yüksək səviyyədə və stabil çıxış etməsi çətin olar.
Ona görə də inanıram ki, yerli çempionatın inkişafı üçün daha çox iş görməliyik. Əlbəttə, nəticələr olduqda həm oyunçuları, həm məşqçiləri, həm də milli komandanı motivasiya etmək daha asan olur. Bu da inkişaf üçün vacib amildir. Lakin əldə olunan nəticələri qorumaq və sabitliyi təmin etmək üçün yerli çempionatın da yüksək səviyyədə keçirilməsi vacibdir.
Burada iştirak edən komandaların nümayəndələrindən və rəhbərlərindən xahişim odur ki, klublara, onların heyətində çıxış edən futbolçulara və məşqçi heyətinə daha peşəkar yanaşsınlar. Azərbaycan Minifutbol Federasiyası olaraq biz də hər zaman komandalara dəstək göstərməyə çalışırıq.
Yeni komandaların yaranmasını təşviq edirik. Mövcud komandaların fəaliyyətlərini davam etdirmələri və gələcəkdə daha da inkişaf etmələri üçün bu məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ümid edirəm ki, bu istiqamətdə görülən işlərə diqqət artırılacaq və hər bir komandaya eyni münasibət göstəriləcək.
Çempionatın yüksək səviyyədə keçirilməsi baxımından son illərdə müəyyən irəliləyişlərin şahidi olmuşuq. Bir neçə il əvvəl başlayan prosesin sonradan yeni mərhələyə yüksəldiyini və bu il keçirilən oyunlarda da inkişafın davam etdiyini görürük. Azərbaycanda bu idman növünə marağın artdığını müşahidə edirik. İstərdim ki, yarışda daha çox komanda iştirak etsin və bu proses davamlı xarakter daşısın.
Əlbəttə ki, bunun üçün ölkədə minifutbolun daha geniş tətbiqinə ehtiyac var. Eyni zamanda, ölkədə fəaliyyət göstərən qurumların strategiyalarında bu idman növünə də diqqət ayrılmalıdır. Biz də bu istiqamətdə daim iş aparırıq.
Bu mövsüm çempionatda 12 komanda iştirak edəcək. Çalışdıq ki, seçim zamanı həm əvvəlki mövsümlərdə iştirak edən, həm inkişaf edən, həm də peşəkar səviyyədə fəaliyyət göstərən komandalara üstünlük verək.
Əlbəttə, sabitlik bizim üçün çox vacibdir. İstəyirik ki, komandalar mövsüm ərzində yarışda davamlı iştirak etsinlər və daxili problemlərlə üzləşməsinlər. Çünki bəzən elə hallar olur ki, komanda çempionata qatılır, lakin mövsümün ortasında müəyyən oyunlara çıxmır və ya oyunlarını başqa vaxtda keçirmək məcburiyyətində qalır. Bu da, əlbəttə, futbolçulara mənfi təsir göstərir.
Məhz buna görə də komanda rəhbərləri ilə görüşlərimizdə bu işə peşəkar səviyyədə yanaşmağın vacibliyini vurğulayırıq.
Sonda bir daha bütün qonaqlarımıza, televiziya kanallarına, təşkilatçılara və xüsusilə sponsorlarımıza təşəkkür etmək istəyirəm”.
Bahar Rüstəm



No Comment! Be the first one.