Minifutbol üzrə ölkə çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimi olub.
Sportify.az Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun mərasimdən sonra verdiyi müsahibəsini təqdim edir.
– Püşkatma mərasimi oldu. Yerli çempionatla bağlı nə demək istəyərdiniz?
– Bu il Azərbaycan Minifutbol Federasiyası olaraq yerli çempionatı səkkizinci dəfə təşkil edirik. Bu mövsüm 12 komanda mübarizə aparacaq və onların arasında bir neçə yeni kollektiv də var. Minifutbolun inkişafı və yeni istedadların kəşf edilməsi bizim əsas prioritetlərimizdəndir. Bu il milli komandamızın Avropa çempionu olması yerli çempionatın güclü və rəqabətli keçdiyinin göstəricisidir. Əsas məqsədimiz bu inkişafı davam etdirməkdir. Bildiyiniz kimi, gələn il bizi dünya çempionatı gözləyir. İnanırıq ki, yerli çempionatda güclü rəqabət şəraitinin yaradılması milli komandamızın qarşıdakı yarışa daha yaxşı hazırlaşmasına kömək edəcək. Komandaların rəhbərləri və futbolçularla görüşlər keçirdik. Hər bir komandaya və futbolçuya yeni mövsümdə uğurlar arzulayıram.
– Siz Dünya Minifutbol Federasiyasında təmsil olunursunuz. Uzun illərdir mini futbolun inkişafı istiqamətində fəaliyyət göstərirsiniz. Bu idman növünün FIFA bayrağı altında keçirilməsi və dünya arenasında daha geniş təmsil olunması ilə bağlı hansısa görüş və ya təşəbbüs planlaşdırılırmı?
– Bildiyiniz kimi, Azərbaycan Minifutbol Federasiyası Dünya Minifutbol Federasiyasının üzvüdür. Keçirilən konfranslarda bu məsələləri daim müzakirə edirik. Minifutbolun FIFA-ya üzvlüyü məsələsi də həmin konfransların gündəliyində olan mövzulardandır və müzakirə edilir. Lakin bu istiqamətdə görüşlərin təşkili və konkret təkliflərlə çıxış etmək Dünya Minifutbol Federasiyasının səlahiyyətinə daxildir. Biz isə ölkə olaraq həmin müzakirələrdə iştirak edir və prosesə öz töhfəmizi verməyə çalışırıq.
– Minifutbol üçün ayrıca stadionun tikilməsi planı var idi, lakin layihə hələ reallaşmayıb. Bununla bağlı yenilik varmı?
– Hazırda həm milli komandamızın hazırlıqları, həm də ölkə çempionatı Bakı Tennis Akademiyasında keçirilir. İlin əvvəlində federasiya olaraq bu mərkəzi uzunmüddətli icarəyə götürmüşük və ora investisiya yatıraraq sırf minifutbol üçün nəzərdə tutulan bazaya çevirmişik. Ayrıca bazanın tikintisi məsələsi də gündəmdədir. Artıq layihə hazırdır. Dövlət qurumları ilə danışıqlar müsbət nəticələndikdən sonra tikinti işlərinə başlayacağıq. Hazırda Tennis Akademiyası milli komandamızın bazasıdır. Futbolçular burada yalnız məşq etmir, eyni zamanda yaşayır və hazırlıq prosesini mütəxəssislərin nəzarəti altında davam etdirirlər. İnanıram ki, daha böyük bazanın tikintisi də yaxın zamanda reallaşacaq.
– Naxçıvan təmsilçisi çempionata qoşulacaq və 1/4 final mərhələsindən əvvəl pley-off oyunu keçirəcək. Minifutbolun kütləviliyini nəzərə alsaq, həmin oyunun Naxçıvanda təşkili mümkündürmü?
– Mən şəxsən Naxçıvanda olmuşam, orada minifutbolun inkişafı ilə tanış olmuşam və yerli çempionatın finalında iştirak etmişəm. Naxçıvan çempionu ölkə çempionatına qoşulacaq. Əsas məqsədlərimizdən biri regionların mini futbola cəlb edilməsidir. Naxçıvanda bu istiqamətdə əldə olunan nəticələr sevindiricidir və yerli çempionun ölkə çempionatında iştirakı da bunun əlamətdar göstəricisidir. Növbəti hədəfimiz daha çox regionun ölkə çempionatında təmsil olunmasına nail olmaqdır. İstəyirik ki, oyunlar yalnız Bakıda deyil, ölkənin müxtəlif bölgələrində də keçirilsin. Bu, mini futbolun daha geniş yayılmasına və kütləviliyinin artmasına şərait yaradacaq.
– Çempionatda titul qazanmaqla yanaşı, onu qorumaq da çətindir. Komandanın titulunu qoruması nə dərəcədə realdır və bu istiqamətdə hədəfləriniz nələrdir?
– Titulu qorumaq, əlbəttə ki, onu qazanmaqdan daha çətindir. Çıxışımda da qeyd etdim ki, futbolçular artıq böyük nəticələr əldə etdikdən sonra onları motivasiya etmək asan olmur. Bununla belə, biz yeni istedadlar kəşf etməyə və qarşıya yeni məqsədlər qoymağa davam edirik. İnanıram ki, futbolçularımız və məşqçi heyətimiz məsuliyyəti yaxşı başa düşür. Çalışacağıq ki, çempionata ən yaxşı hazırlıq və mümkün olan ən güclü heyətlə qatılaq.
– Mövsümün əvvəlində Premyer Liqada çıxış edən klubların minifutbol komandalarının da çempionata cəlb olunması məsələsi gündəmdə idi. Bu istiqamətdə digər klublarla danışıqlar aparılırmı? Gələcəkdə yeni komandaların yaradılması mümkündürmü?
– Bəli, bu məsələni daim müzakirə edirik və bir neçə klubla müsbət danışıqlarımız da olub. Lakin böyük futbol klublarını minifutbola cəlb etmək müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Daxili İşlər Nazirliyinin komandasının çempionatda iştirakı digər klublar üçün də əlavə motivasiya yaradır. İnanıram ki, yaxın gələcəkdə digər komandaların da çempionata qoşulması mümkün olacaq. Bir neçə klubla danışıqlar aparmışıq, sadəcə, bu mövsüm həmin proses yekun nəticə verməyib. Bizim üçün əsas məsələ çempionatda iştirak edən komandaların davamlılığı və peşəkarlığıdır. Hər hansı komandanın bir mövsüm iştirak edib sonradan yarışdan çəkilməsi arzuolunan deyil. Məqsədimiz sabit və güclü çempionat formalaşdırmaqdır. Buna görə də hər yeni komandanın çempionata qoşulması ilə yanaşı, onun uzunmüddətli və davamlı iştirakını da təmin etməyə çalışırıq.


No Comment! Be the first one.