Əli Qazıbəyov:Komandama güvənirəm, ikinci oyunda daha yaxşı nəticə qazanacağıq
UEFA Gənclər Liqasında “Qarabağ” – “Dinamo Zaqeb” (1:2) matçından sonra “Qarabağ”ın futbolçusu Əli Qazıbəyovun Sportify.az-a müsahibəsi:
– Çox təcrübəli və müdafiə baxımından güclü komandaya qarşı mübarizə apardınız. Oyunu necə dəyərləndirirsiniz?
– Çox yaxşı, müdafiədə sıx oynayan və təcrübəli komandaya qarşı mübarizə apardıq. Hamıya məlumdur ki, Xorvatiya futbol məktəbi Azərbaycan futbolundan xeyli irəlidədir. Buna baxmayaraq, komanda olaraq özümüzə güvəndik. İlk hissəni 1:0 öndə başa vurduq. İkinci hissədə isə müəyyən yorğunluq hiss olundu. Rəqib bu tempdə oynamağa daha çox öyrəşib. Biz isə belə oyunların tempinə uyğunlaşmaqda çətinlik çəkirik. Nəticədə oyunun sonlarına yaxın qol buraxdıq. Amma ruhdan düşmək olmaz. Qarşıda ikinci oyun var. İnanıram ki, növbəti matçda daha yaxşı çıxış edərək daha yaxşı nəticə ilə qayıdacağıq.
– Zədəniz ciddidir?
– Zədələrlə bağlı vəziyyət, əsasən, oynadığımız meydançanın örtüyü ilə əlaqəlidir. Süni örtüklü meydançada oynayırıq və bu, futbolçular üçün daha çətindir. Süni örtük daha sərt olduğuna görə bərpa prosesinə də mənfi təsir göstərir. Təbii örtüklü meydançada oynamaq bizim üçün daha əlverişlidir. İlk və ikinci oyunlarımızı təbii örtüklü meydançada keçirmirik. Süni örtükdə bərpa və məşq prosesi də çətinləşir. Bununla belə, hazırda ciddi bir problem olduğunu deməzdim.
– UEFA səviyyəsindəki komandalarla Azərbaycan çempionatında mübarizə aparan komandalar arasında oyun tempi baxımından hansı fərqlər var?
– Avropa komandalarına, xüsusilə də Xorvatiya təmsilçisinə qarşı oynayanda temp fərqi açıq hiss olunur. Azərbaycan çempionatında da sürətli oyunlar var, amma həmin temp Avropa səviyyəsindəki oyunların tempinin heç 50 faizi qədər deyil. Buna görə də belə qarşılaşmalara öyrəşmək lazımdır. Daha sürətli düşünməli və meydanda daha diqqətli oynamalıyıq. Bəzi futbolçularımız milli komandada çıxış etdikləri üçün bu tempə müəyyən qədər alışqandırlar. Digər oyunçular üçün isə belə oyunlar daha çətin keçir.
– Zaqreb Akademiyasının səviyyəsi hər kəsə məlumdur. Komandanız son oyunlarda da yaxşı təsir bağışlayıb. İlk oyunda göstərdiyiniz mübarizə növbəti qarşılaşma üçün sizə əlavə motivasiya verəcəkmi?
– Biz hər zaman özümüzə və bir-birimizə güvənmişik. Bu gün də meydana bir yumruq, vahid komanda kimi çıxdıq. Göstərmək istəyirik ki, Azərbaycanda futbol var və akademiyalarımız inkişaf edir. Komandamız ölkənin ən yaxşı akademiya komandalarından biridir. Ötən il çempionatı 19 yaşlı futbolçular arasında çempion kimi başa vurmuşduq. Bu il də mübarizəmizi davam etdiririk. Bir daha qeyd edirəm ki, komandama güvənirəm. İnanıram ki, ikinci oyunda daha yaxşı çıxış edəcəyik.
Bahar Rüstəm



No Comment! Be the first one.