İoannis Diamantakos: Müdafiədəki səhvlərimizi aradan qaldırmaq üçün vaxt lazımdır
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün A qrupunun ikinci matçında Bakıda İrlandiya kollektivinə 71:91 (20:24, 20:22, 15:18, 18:27) hesabı ilə uduzdu.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra milimizin baş məşqçisi İoannis Diamantakos görüşlə bağlı fikirlərini bölüşüb:
– İlk növbədə İrlandiya komandasını və öz oyunçularımı göstərdikləri mübarizəyə görə təbrik edirəm. Müdafiədə yaxşı çıxış edə bilmədik. Rəqibin 91 xal toplaması bunu göstərir. Düşünürəm ki, oyunun taleyini həll edən əsas amil də bu oldu. Bununla yanaşı, ribaundlarda da rəqib bizdən üstün idi. Onlar 42, biz isə 26 ribaund əldə etdik. Daha əvvəl də qeyd etdiyim kimi, bizim üçün əsas məqsəd təcrübə qazanmaq və gənc oyunçularımızın inkişafına kömək etməkdir. Komandada Dina Ulyanova və Arika Karter istisna olmaqla, demək olar ki, bütün oyunçular gəncdir. Beynəlxalq səviyyədə rəsmi oyunlarda iştirak etmək bizim üçün vacibdir. İnanıram ki, bir neçə ildən sonra daha yaxşı nəticələr əldə edə və daha böyük hədəflər qarşımıza qoya bilərik.
– Son iki oyun arasında hansı fərqlər var idi?
– Fərqlər kifayət qədər çoxdur. Mənim fikrimcə, İsveçrə İrlandiyadan daha güclü komandadır. Onların daha təcrübəli, beynəlxalq səviyyədə çıxış etmiş oyunçuları var. Bununla belə, İrlandiyanın da özünəməxsus üstünlükləri mövcuddur. Onların oyunçuları liqalarında mütəmadi çıxış edir, sürətli basketbol oynayırlar. İrlandiya millisi uzun illərdir mübariz xarakteri ilə seçilir. Bizim üçün əsas məsələ isə müəyyənləşdirdiyimiz hədəflərə və seçdiyimiz yola sadiq qalmaqdır. Rəqibin kim olmasının və potensialının nə qədər yüksək olmasının fərqi yoxdur.
– Komanda müdafiədə çox zəif çıxış etdi. Bu problemin həlli üçün nə etməyi düşünürsünüz?
– Söhbət yalnız müdafiədən getmir. Hücumda da səhvlərimiz var. Özümüzü hazırlamaq və bu çatışmazlıqları aradan qaldırmaq üçün məşqlərdə daha çox vaxt keçirməliyik. Eyni zamanda, beynəlxalq səviyyəli oyunlarda iştirak etməliyik ki, məşqlərdə üzərində çalışdığımız elementləri qarşılaşmalarda tətbiq edə bilək. Basketbolda nəticəyə təsir edən çoxsaylı amillər var. Müdafiə, hücum, fiziki hazırlıq, cərimə atışları və ribaundlar – bunların hər biri vacibdir. Hər bir istiqamət üzrə ayrıca işləməli, buna kifayət qədər vaxt ayırmalıyıq. Əgər hər şey bu qədər asan olsaydı, komandalar oyunlardan bir neçə gün əvvəl toplaşıb nəticə əldə edə bilərdilər. Lakin klublar, ölkələr və federasiyalar müəyyən hədəflərə çatmaq üçün illərlə çalışırlar. Bəzən istənilən nəticəni əldə etmək üçün 4-5 il vaxt tələb olunur. Bu proses həm zaman, həm də çoxsaylı insanların böyük əzmini tələb edir. Bizim də etməyə çalışdığımız məhz budur. Bu gün müdafiədəki zəif çıxışımızla yanaşı, fiziki hazırlıqla bağlı çətinliklər də hiss olunurdu. Dörd gün ərzində ikinci oyunumuzu keçirdik və oyunçuların yorğunluq hiss etməsi normaldır. Qarşıda bizi daha çətin sınaq gözləyir. İslandiyaya səfər edəcəyik və orada da mübarizə aparmalı olacağıq. Bütün amillər bir-biri ilə əlaqəlidir. İlk oyunla müqayisədə bu dəfə cərimə atışlarında da faiz göstəricimiz aşağı idi. Bunun da səbəblərindən biri yorğunluqdur.
Bahar RÜSTƏM



No Comment! Be the first one.