Millimizin futbolçusu: Qrupdan çıxmaq istəyirik
Millimizin futbolçusu Murad Qurbanovun İraqla qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra Sportify.az-a müsahibəsi:
– Oyunu necə qiymətləndirirsiniz?
– Əslində, yaxşı oynadıq. Məşqlərdə öyrəndiklərimizi meydanda tətbiq etdik, paslaşdıq, qol epizodları yaratdıq. Sadəcə, nəticə çatışmır. Bunun üzərində işləməliyik. Ümumilikdə, oyun yaxşı keçdi. Yaratdığımız imkanları dəyərləndirə bilsəydik, daha yaxşı olardı.
– Hansı mövqedə oynayırsınız?
– Sol və sağ cinah müdafiəçisi kimi çıxış edə bilirəm. Amma əsas mövqeyim sol müdafiəçidir.
– Hazırlıq prosesini necə qiymətləndirirsiniz? Milli komandada yaradılan şəraitlə əsas millidəki şərait arasında fərq hiss edirsiniz? Klub məşqləri ilə buradakı hazırlıq prosesi nə ilə fərqlənir?
– Buradakı məşqlər bizə çox şey qazandırır. Taktiki çalışmalar, paslaşmalar və komanda şəklində oyun üzərində işləyirik. Sadəcə, oyun praktikamız bir qədər azdır. Amma düşünürəm ki, burada komanda olaraq daha çox inkişaf edirik. Klubdakı hazırlıqla müqayisədə müəyyən fərqlər var.
– “Zirə”nin əsas komandasının məşqlərinə cəlb olunmusunuz?
– Bəzən əsas komandanın məşqlərinə dəvət alıram. Bir müddət mütəmadi məşqlərə qoşulurdum, hətta iki gün əsas komanda ilə məşq etmişdim. Sonradan zədələndiyim üçün məni bir müddət çağırmadılar. Hazırda əsasən əvəzedici komandadayam.
– “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da futbolçu kimi müdafiəçi mövqeyində çıxış edib. Bu baxımdan onun diqqətini cəlb etmək sənin üçün əlavə motivasiyadır?
– Əlbəttə, ondan öyrənə biləcəyim çox şey var. Öz üzərimdə işləyir, məşqlərdə deyilənləri öyrənməyə çalışıram. Məni əsas komandaya dəvət edib-etməmək isə onun qərarıdır.
– Əvəzedici komandanın oyunlarını hansı meydançada keçirirsiniz? Süni örtüklü meydançada oynayırsınız, yoxsa təbii örtükdə?
– Stadionlar fərqlidir.
– İraqla oyunda rəqibin səviyyəsini necə qiymətləndirirsiniz? Dünya çempionatında müxtəlif qitələrdən güclü komandalarla qarşılaşacaqsınız. Rəqiblərin oyunlarını izləyir, təhlillər aparırsınız?
– İraq yaxşı komandadır, amma düşünürəm ki, biz onlardan daha güclüyük. Daha yaxşı paslaşır, oyunumuzu daha yaxşı qururuq. Onlarda bəzi taktiki məqamlar çatışmırdı. Bizim isə meydanda konkret məqsədimiz var idi.
– Baş məşqçi söhbətləriniz zamanı daha çox hansı məqamları vurğulayır?
– Əsas istəyimiz topa sahib olmaqdır. Tələsmədən oynamalı, irəli çıxmaq üçün boşluqlar yaratmalı və yaranan imkanlardan maksimum istifadə etməliyik.
– Dünya çempionatı ilə bağlı qarşınıza hansı hədəflər qoyulub?
– Əlbəttə, hamımızın məqsədi dünya çempionatında yaxşı nəticə göstərməkdir. İnşallah, hər şey yaxşı olar.
– Yaxşı nəticə dedikdə qrupdan çıxmağı nəzərdə tutursunuz, yoxsa daha böyük hədəfləriniz var?
– Qrupdan çıxmaq istəyirik.
– Dünya futbolunda kumiriniz kimdir? Oyun tərzinizi hansı futbolçuya bənzətmək istərdiniz?
– Joau Kanselonun oyununu bəyənirəm. Həm sol, həm də sağ cinahda oynaya bilir. Hər iki mövqedə yaxşı çıxış edir, müdafiə baxımından da güclü futbolçudur.


No Comment! Be the first one.