"Orhus" azarkeşləri Masazırda hücuma məruz qaldı
“Sabah” və Danimarkanın “Orhus” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi xoşagəlməz hadisə baş verib.
Sportify.az bold.dk nəşrinə istinadən xəbər verir ki, danimarkalı azarkeşlər “Bank Respublika Arena”ya gələrkən hücuma məruz qalıblar.
“Orhus”un təxminən 175 azarkeşi stadion ətrafına mikroavtobuslarla gətirilib. Onların bir hissəsi 15 nəfərlik nəqliyyat vasitələrindən düşən kimi qara geyimli 40-50 nəfərlik “Sabah” azarkeş qrupunun hücumuna məruz qalıb.
Hadisənin şahidlərindən biri baş verənləri belə təsvir edib: “Mikroavtobuslardan düşdüyümüz anda bizə hücum edilməsi çox sərt hadisə idi. Qara geyimli azarkeşlər birbaşa 175 nəfərlik “Orhus” qrupunun üzərinə qaçdılar”.
Şahid bildirib ki, ötən mərhələdə Polşaya 2 100 azarkeşlə səfər etdikləri zaman heç bir problem yaşanmayıb: “Orada təhlükəsizlik tam nəzarət altında idi. Burada isə polis ev sahibi komandanın azarkeşləri ilə vəziyyəti sakitləşdirənə qədər heç nə nəzarətdə deyildi”.
Stadionda təhlükəsizliyin təmin olunmasına 150-dən çox əməkdaş cəlb edilib. Bununla yanaşı, stadionun müxtəlif hissələrində hərbçilər də xidmət aparıb.
Lakin qarşıdurma zamanı təhlükəsizlik əməkdaşlarının böyük hissəsinin hadisə yerindən bir neçə yüz metr uzaqda olduğu bildirilib. Bu səbəbdən polisin müdaxiləsi bir neçə dəqiqə gecikib.
Nəticədə “Orhus” azarkeşləri stadionun giriş hissəsinə doğru geri çəkiliblər. Daha sonra polis vəziyyətə nəzarəti təmin edib.
Hadisə zamanı “Orhus”un yalnız bir azarkeşinin xəsarət aldığı qeyd olunur. Onun gözünün üst nahiyəsi yarılıb.
Danimarka nəşri həmçinin “Orhus”un təhlükəsizlik rəhbəri Martin Yensen və klub nümayəndələrindən hadisə ilə bağlı münasibət almağa çalışsa da, hələlik cavab əldə edə bilməyib.
Qeyd edək ki, “Orhus”un 175 azarkeşi “Bank Respublika Arena”da qapılardan birinin arxasındakı tribunada yerləşdirilib. Həmin sektorun digər azarkeşlərdən tam ayrılmadığı da vurğulanıb.



No Comment! Be the first one.