Valdas Dambrauskas: Futbolçularım inanılmaz oynadılar
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” komandasına 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Masazırda keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında litvalı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib.
“Hər kəsi təbrik edirəm. Futbolçularım inanılmaz oynadılar. İlk yarıda rəqibin qol vurmaq üçün bir şansı oldu. Həmin epizodda da qapıçımız yaxşı mübarizə apardı.
Rəqib bu matçda daha çox təzyiq göstərdi. Oyundan əvvəl də demişdim ki, xırda detallar görüşün taleyini həll edəcək. Bizim məqsədimiz oyunun startından dominant futbol oynamaqdır. Bundan əvvəlki mərhələdə üz-üzə gəldiyimiz rəqiblər müdafiə futbolu sərgiləyirdilər. Belə komandalara qol vurmaq çətin olur. Amma “Orhus” müdafiədə boşluqlar verdi.
Bu qələbəni qeyd edib, Premyer Liqanın ilk turunda “Kəpəz”lə matça hazırlaşacağıq”, – deyə Dambrauskas bildirib.
Mütəxəssis komandadakı bütün futbolçuların çıxışından razı qaldığını da vurğulayıb:
“Gənc qapıçılarımız var. Onlar da bizə çox kömək olacaqlar”.


No Comment! Be the first one.