Zaur İsmayılov: Bu, komandamızı sındırdı
“İki fərqli hissə izlədik. Erkən və ardınca buraxdığımız qollardan sonra toparlana bilmədik və səhvlər etdik. Oyunun taleyi birinci hissədə həll olundu. İkinci hissədə biz də fərqlənmək üçün epizodlar yaratdıq, amma istifadə edə bilmədik. Əvəzində rəqib 5-ci qolu vurdu”.
Sportify.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının II turunda “Neftçi”yə 0:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis komandanın hələ tam formalaşmadığını və buraxılan qolların futbolçulara psixoloji təsir etdiyini vurğulayıb: “Ardıcıl buraxdığımız qollar oyuna təsir etdi. Futbolçular bundan sonra özlərinə gələ bilmədilər. İkinci hissə tamamilə fərqli oldu, amma yenə qol buraxdıq. Lazımsız top itkiləri etdik. Komanda hələ tam formalaşmayıb. Rəqibin heyətində də keyfiyyətli futbolçular var. Bilirdik ki, çətin olacaq. Onlar imkanlarından yararlandılar və bu, komandamızı sındırdı. Buna baxmayaraq, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsüm də məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır”.
Baş məşqçi transfer çalışmalarının yekunlaşmaq üzrə olduğunu və qarşıdakı oyunlara hazırlaşacaqlarını deyib: “Hazırkı heyətlə mübarizə aparacağıq. Qarşıda bizi çətin rəqiblər gözləyir. Komandanı maksimum səviyyədə hazırlamağa çalışacağıq. Lakin heyətin tam formalaşması üçün nə qədər vaxt lazım olacağını hələ demək çətindir”.



No Comment! Be the first one.