“Ayaks” “Qarabağ”ın rəqibinə kömək edir
Niderlandın “Ayaks” klubu “Tvente”yə “Qarabağ”la UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi kömək edir.
Sportify.az “Twente Insite” nəşrinə istinadən xəbər verir ki, Ensxede təmsilçisi Bakıya səfərlə bağlı hazırlıq zamanı son illərdə “Qarabağ”la iki dəfə qarşılaşmış “Ayaks”ın təcrübəsindən yararlanıb.
Amsterdam klubu hər iki səfər oyununda Azərbaycan çempionuna qalib gəlib. 2024-cü ilin oktyabrında “Ayaks” Bakıda 3:0 hesablı qələbə qazanıb, ötən mövsüm isə 4:2 hesabı ilə üstün olub.
“Tvente”nin komanda meneceri Bart Bruins bildirib ki, klub “Ayaks”la səfərlə bağlı çoxsaylı əlaqələr saxlayıb: “Son üç ildə iki dəfə burada olublar”.
Niderland klubu bununla yanaşı, “Qarabağ”ın Ukraynanın “Dinamo Kiyev” komandası ilə oyununu da xüsusi izləyib. Komandanın videoanalitiki Deyv de Yonq həmin qarşılaşmadan sonra Bakıda qalaraq yerli səyahət agenti ilə təşkilati məsələləri həll edib.
“Tvente” ilk oyunda doğma meydanda 0:1 hesabı ilə məğlub olub. Komanda Bakıda ən azı iki top fərqi ilə qalib gələrsə, Konfrans Liqasının əsas mərhələsinə yüksələcək. Bir top fərqli qələbə isə görüşü əlavə vaxta daşıyacaq.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da başlanacaq.


No Comment! Be the first one.