Dambrauskasdan yanlış açıqlama - "Sabah"ın neçə legioneri var?
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandadakı legionerlərin sayı ilə bağlı yanlışlığa yol verib.
Sportify.az xəbər verir ki, “Sabah” bu mövsüm üçün 16 legioner futbolçu sifariş etdiyi halda, Dambrauskas İsrailin “Hapoel Beer-Şeva” klubuna qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçından sonra keçirdiyi mətbuat konfransında komandada 17 belə oyunçunun olduğunu bildirib.
Litvalı mütəxəssis yeni transfer ehtimalı ilə bağlı suala belə cavab verib: “Biz Çempionlar Liqası üçün 17 xarici futbolçu qeydiyyatdan keçirmişik. Mən onların hansını sifariş ərizəmizdən çıxara bilərəm?! Mənim 17 legionerim var. Yeni transfer etməliyiksə, bu gün komandada çıxış edənlərdən biri Çempionlar Liqasının əsas mərhələsini buraxmalıdır. Sizcə, bu oyunçulardan hansısa biri Liqa oyunlarından xaric edilməyə layiqdirmi?”
Lakin UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqasının reqlamentinə əsasən, klublar “A” siyahısında maksimum 25 futbolçu qeydiyyatdan keçirə bilərlər. Bu siyahıda ən azı 8 yer “yerli yetişdirilmiş futbolçular” üçün ayrılmalıdır. Əgər klubun siyahısında 8-dən az belə oyunçu olarsa, ümumi “A” siyahısının maksimal sayı da müvafiq şəkildə azalır.
Bu qayda nəzərə alınmaqla, 25 nəfərlik tam “A” siyahısında ən çox 17 yer yerli yetişdirilməmiş futbolçular üçün qala bilər. Bu isə o deməkdir ki, “Sabah”ın daha bir legioner transfer etmək hüququ var.

Dambrauskasın açıqlamasının yanlış olması isə “Sabah”ın yeni legioner transferi məsələsində də diqqət çəkir. Rusiyanın “Sport-Ekspress” qəzeti “Zenit”in mərkəz yarımmüdafiəçisi Du Keyrosun “Sabah”a icarəyə veriləcəyini yazıb.
Keçid rəsmiləşərsə, “Sabah”ın legioner futbolçularının sayı 17-yə yüksələcək və bu halda klubun Çempionlar Liqasının əsas mərhələsi üçün təqdim edəcəyi heyətdə yerli yetişdirilmiş oyunçuların sayı xüsusi əhəmiyyət daşıyacaq.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.



No Comment! Be the first one.