Azər Bağırov: Qismətimizdə bu gün qələbə var idi
“Çətin oyun olacağını bilirdik. Möhtəşəm stadion, möhtəşəm azarkeşlər gördük. Ən böyük təşəkkürlər cənab Prezidentə düşür. Bu stadionun burada tikilməsi, azarkeşlərin belə möhtəşəmliyi… Bu gün hər şey çox gözəl idi”.
Sportify.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov səfərdə “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis qələbə münasibətilə azarkeşlərə təşəkkür edib: “Ötən oyundan sonra düşünürdük ki, “Kəpəz”in motivasiyası yaxşıdır. “Turan Tovuz”la qarşılaşmada yaxşı oyun sərgiləmişdilər. Futbolçularımıza bu oyunla bağlı hər şeyi detallı şəkildə izah etmişdik. Şükürlər olsun ki, qələbə qazandıq. Artıq qollar vurmağa başlamışıq, bu da sevindirici haldır. “Kəpəz”ə gələcək oyunlarında uğurlar arzulayıram”.
Baş məşqçi qələbədə sabiq komandasını yaxşı tanımasının və analizlərinin rol oynadığına dair fikirlərlə razılaşmayıb: “Həqiqətən də sevincliyəm. Həm də komandamızın ilk qələbəsidir. Hələ başqa şeylər fikirləşə bilmirəm. Mənə elə gəlir ki, analizdən çox, futbolçularımızda yaxşı motivasiya var idi. Bunu xüsusilə vurğulamaq istərdim”.
Bağırov “Şamaxı”nın mövsüm üçün hədəflərindən də danışıb: “Demək olar ki, komandanı yenidən toparlamışıq. İstədiyimiz həm yerli futbolçuları tanıtmaq, həm də Premyer Liqada mövqeyimizi möhkəmləndirərək yaxşı yerlər uğrunda mübarizə aparmaqdır. Bu gün meydanda Hacıəli Şirəliyev var idi. O, demək olar ki, Premyer Liqada ilk addımını atdı. Belə-belə Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik. İnşallah, Allah utandırmasın, qalan şeylər də düzələr”.
Mütəxəssis “Kəpəz”in zəif çıxışının “Şamaxı”nın qələbəsinə təsir edib-etmədiyi barədə suala belə cavab verib: “Futbol elə bir şeydir ki, bu gün alına bilər, sabah alınmaya bilər. “Kəpəz” bu gün meydançada yaxşı idi. Sadəcə, qismətimizdə bu gün qələbə var idi. Qolları da vaxtında vura bildik və qalib gəldik”.
Bağırov məcburi əvəzləmə ilə bağlı da danışıb. O bildirib ki, Filipe Markesin meydana çıxa bilməyəcəyi ehtimalına əvvəlcədən hazır olublar: “Oyundan əvvəl Filipin meydana çıxmaya biləcəyi ehtimalı var idi. Narahat idi. Biz də buna hazır idik və ikinci planımız var idi. Uğur Cahangirovun oyuna daxil olaraq qol vurması bir daha göstərdi ki, hər işdə bir xeyir var”.


No Comment! Be the first one.