Rəşad Sadıqov: “Sabah” bizi bitiricilikdə üstələdi
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının dördüncü turunda səfərdə “Sabah”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, 44 yaşlı mütəxəssis qarşılaşmada komandası ilə bağlı ümumilikdə müsbət fikirdə olduğunu bildirib.
“İlk dəqiqələrdən fəal başladıq. Çalışırdıq ki, topa nəzarət edək. Bu, pis alınmırdı. Lakin “Sabah” ilk hücumunda qol vurdu. 3-5 dəqiqə sonra yenidən kobud səhvə yol verdik. Penalti olub-olmadığını bilmirəm. 2:0-dan sonra oynamaq çətin idi. Buna baxmayaraq, futbolçularım özlərində güc tapıb mübarizəni davam etdirdilər.
Hesab 5:0-dır, amma futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Topa nəzarət baxımından da, qol epizodlarının yaradılmasında da komandalar arasında böyük fərq yox idi. “Sabah” 6 qol epizodu yaratdı və onların 5-dən istifadə etdi. Bizim isə 4-5 yaxşı qol imkanımız oldu, lakin yararlana bilmədik. Bu gün iki komanda arasındakı əsas fərq bitiricilik, son zərbələr idi. Həmçinin ikinci və üçüncü qollarda müdafiədə buraxdığımız kobud səhvlər oldu”, – deyə Sadıqov vurğulayıb.
Baş məşqçi “Sabah”a qarşı daha hücumameyilli futbol oynamağa çalışdıqlarını qeyd edib:
“Bu gün “Sabah”a qarşı fərqli oynamağa, daha hücumameyilli, açıq futbol göstərməyə çalışırdıq. Oyun planımız pis alınmırdı. Ancaq “Sabah” bizi bitiricilikdə üstələdi. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Beş gündən sonra “Mançester Yunayted”lə səfərdə oynayacaqlar. Həmin oyunda da “Sabah”a uğurlar arzulayıram”.
O, jurnalistin komandanın ilk üç turdan sonra arxayınlaşa biləcəyi ilə bağlı sualını da cavablandırıb:
“Onu hiss etmədim. Niyə yalan deyim?! Hiss etsəm, bunu deyərəm. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışdan və mübarizədən narazı qalmadım. İkinci və üçüncü qolu çox sadə buraxdıq, özümüz də xeyli qol epizodu qaçırdıq. Təbii ki, “Sabah”ın gücü isə hamıya bəllidir. Buna baxmayaraq, futbolçularım meydanda yaxşı oynadılar. Hesab 0:5 olsa da, bu oyundan pozitiv enerji ilə ayrılıram. Futbolçular və məşqçilər heyəti qarşılaşmadan lazımi nəticəni çıxaracaq, səhvlər üzərində daha çox işləyib daha güclü geri dönəcəyik”.



No Comment! Be the first one.