Azərbaycanın 16 cüdoçusu “Böyük Dəbilqə”də
Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə əsasən, sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Sportify.az xəbər verir ki, yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunacaq. Komandanın heyətində 12 kişi və 4 qadın idmançı yer alıb.
Qadınların yarışında Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisionova (+78 kq) mübarizə aparacaqlar.
Kişilər arasında isə Murad Muradlı və Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Rəşad Yelkiyev və Nizami İmranov (66 kq), Kamran Süleymanov və Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov və Vüsal Qələndərzadə (81 kq), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (+100 kq) qüvvələrini sınayacaqlar.
Milli komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə 70 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.
Dünya Cüdo Turunun yarışlarından olan “Böyük Dəbilqə”də Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri sırasında yer alacaq.


No Comment! Be the first one.