Dördüncü qolda lap ələ saldılar…
Bu nə qapıçıdır, bu nə müdafiəçilərdir? “Sabah”ın “Mançester Yunayted” qarşısında buraxdığı dördüncü qol artıq futbol səhvindən çox, meydandakı qarışıqlığın göstəricisi idi. Qapıçı ayrı aləmdə, müdafiəçilər ayrı aləmdə, top isə hamının gözünün qarşısında öz sahibini axtarırdı.

Belə epizodlara baxanda adamın ağlına bir sual gəlir: Bu futbolçular ümumiyyətlə meydanda nə etdiklərini bilirlərmi?
Maraqlıdır ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da oyundan sonra komandasının müdafiədəki problemini etiraf edib. Litvalı mütəxəssis hücum və müdafiə xətləri arasındakı məsafənin bəzi anlarda həddindən artıq böyük olduğunu bildirib: “Topu itirəndə bəzən dərhal mövqelərimizə qayıda bilmirdik. Belə vəziyyətlərdə onlar bizi bütün oyun boyu cəzalandıra bilərdilər”.

Əslində, “Mançester Yunayted”in “Sabah”ı necə cəzalandırdığını həmin dördüncü qolda daha aydın görmək mümkün idi. Komandanın müdafiə xətti ilə orta sahəsi arasında əlaqə yox, futbolçular arasında anlaşma yox, kimin hansı mövqeni tutacağı bəlli deyil. Dambrauskasın dediyi “məsafə” sadəcə taktiki məsələ deyildi – meydanda ümumi koordinasiya probleminə çevrilmişdi.
“Sabah”ın heyətinə legioner gətirmək olar. Amma legioner olmaq avtomatik olaraq keyfiyyətli futbolçu olmaq demək deyil. “Old Trafford”da komandanın bəzi futbolçularının hərəkətlərinə baxanda ortada vahid müdafiə xətti yox, sadəcə müxtəlif ölkələrdən yığılıb bir yerə gətirilmiş futbolçular toplusu təsiri yaranırdı. Kimin kimi sığortaladığı, kimin topa çıxacağı, kimin mövqeyini qoruyacağı bəlli deyildi.

Rəhman Daşdəmirovun səhvlərini əvvəlki oyunlarda müəyyən qədər Stiv Solvetin təcrübəsi və müdafiədəki soyuqqanlılığı ört-basdır edirdisə, bu gün onun yoxluğu daha aydın hiss olundu. Deməli, məsələ təkcə bir futbolçunun səhvində deyilmiş. Stiv Solvet həmin müdafiənin çatışmazlıqlarını müəyyən qədər gizlədən adamlardan biri imiş.
Stas Pokatilov məsələsinə isə ümumiyyətlə ayrıca toxunmaq lazımdır. Qapıçı komandanın ən etibarlı mövqelərindən biri olmalıdır. Amma belə qollar buraxıldıqca suallar da artır. “Poka” deyib “tilov”u ilə birgə aparın, qaytarın! Çünki “Sabah”ın qapısında və müdafiəsində bu görüntü ilə Çempionlar Liqasının əsas mərhələsində rəqiblərlə mübarizə aparmaq son dərəcə çətin olacaq.

Ən ağrılı məqam isə odur ki, söhbət sıradan rəqibdən getmir. Qarşında “Mançester Yunayted” var. Belə komandaya qarşı bir anlıq diqqətsizlik belə cəzalandırılır. Sən isə müdafiədə bir-birini eşitməyən, bir-birini anlamayan, nə edəcəyini bilməyən futbolçularla oynayırsansa, rəqibin səni bağışlamayacağı bəllidir.
“Sabah”ın bu oyundakı ən böyük problemi hesabdan da böyükdür. Komandada oyun planının ayrı-ayrı epizodlarda itib-batması, müdafiədə koordinasiyanın olmaması və bəzi legionerlərin öz mövqeyində nə etməli olduğunu bilməməsi ciddi narahatlıq doğurur.

Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”ə qarşı oynamaq böyük hadisədir. Amma bu səviyyəyə çıxmaq qədər orada özünü necə göstərmək də vacibdir. “Sabah” bu gün tarixi bir stadionda tarixi rəqibə qarşı oynadı, amma bəzi epizodlarda Çempionlar Liqasının komandası kimi yox, nə etdiyini özü də bilməyən legionerlər toplusu təsiri bağışladı.
Dördüncü qol isə bütün bu mənzərənin ən acı xülasəsi oldu.




No Comment! Be the first one.