Əfsanəvi cüdoçu Bakıdakı dünya çempionatına gəlməyəcək
Fransanın əfsanəvi cüdoçusu Teddy Riner Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Sportify.az xəbər verir ki, bu barədə 37 yaşlı idmançının özü jurnalistlərə müsahibəsində bildirib.
11 qat dünya çempionu sağ çiynindəki zədə səbəbindən gələn ay Bakıda keçiriləcək mundialdan kənarda qalacağını açıqlayıb.
Hazırda zədəsini sağaltmaq üçün bərpa prosesi keçən Riner buna səbrlə yanaşmalı olduğunu bildirib və yeni müalicə protokolunun tətbiq edildiyini dilə gətirib: “Bu zədədən qayıtmaq üçün əlimdən gələni edirəm. Əlbəttə, səbirli olmaq lazımdır. Bu, yüksək səviyyəli idmançının həyatının bir hissəsidir”.
2,04 metr boya malik cüdoçu karyerasını 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarından sonra başa vurmağı planlaşdırır. Riner həmin yarışda fərdi proqramda dördüncü olimpiya qızıl medalını qazanmaq niyyətindədir.
O, Pekin-2008 olimpiadasında bürünc medal qazanıb, London-2012, Rio-2016 və Paris-2024-də fərdi yarışda 100 kq-dan yuxarı çəki dərəcəsində olimpiya çempionu olub. Fransalı idmançı, həmçinin, son 2 olimpiadada komanda yarışında qızıl medal əldə edib.
Riner 2010 – 2020-ci illərdə ardıcıl 154 qələbə qazanaraq cüdoda rekord göstəriciyə imza atıb.



No Comment! Be the first one.