Qurban Qurbanov: “Vacib olan üç xal əldə etməyimiz idi”
“Vacib olan üç xal əldə etməyimiz idi. Uzun fasiləyə çıxırıq. İstərdim ki, bu müddətdə daha bir neçə oyunumuz olsun və bütün kollektiv bir yerdə qalsın. Buna ehtiyacımız var idi. Hər halda, fasilə zamanı daha yaxşı hazırlaşmaq imkanımız olacaq”.
Sportify.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VI turunda “Şəfa”nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi qələbədən razı qaldığını, lakin komandasının daha yaxşı çıxış etməli olduğunu bildirib: “Qarşımızda yaxşı müdafiə olunan kollektiv var idi. Bütün diqqətlərini müdafiəyə ayırmışdılar. Əlbəttə, daha yaxşı oynamaq, daha sürətli keçidlər etmək istərdim. Bəzən zonalar çox qısa olurdu və bundan tam istifadə edə bilmirdik. Belə oyunlarda daha yaxşı oynamaq bizim borcumuzdur və bunu futbolçulardan tələb edirik. İnanıram ki, uşaqlar getdikcə bir-birlərini daha yaxşı tamamlayacaqlar və yaxşı hücumlarımızın sayı artacaq”.
Qurban Qurbanov qış transfer pəncərəsində heyətə yeni futbolçuların cəlb olunmasının mümkün olduğunu söyləyib: “Hazırda transfer edə bilmərik. Qış aylarında imkanımız olsa və düşündüyümüz mövqelərdə bizi qane edən oyunçular tapsaq, mütləq transfer etmək istəyirik. Dayanmaq istəmirik. Demək olar ki, tam yeni kollektiv formalaşıb. Buna görə də axtarışlarımızı davam etdiririk və mütləq daha yaxşı olmaq istəyirik”.
“Qarabağ”ın baş məşqçisi milli komandaya az sayda futbolçunun dəvət almasına da münasibət bildirib. O, Bəhlul Mustafazadənin təxminən 10 gündən sonra komandaya qoşula biləcəyini qeyd edib: “Bəhlul durumu ilə bağlı yəqin ki, 10 gündən sonra komandaya qoşula biləcək. Çox ciddi, ağır olmasa da, nadir rast gəlinən zədə ilə bağlı əməliyyat keçirmişdi. Tam bərpa olunmasının bir qədər gecikməsi də mümkün idi. Təəssüf ki, istəmədiyimiz variant baş verdi. Bəhlul kimi futbolçunun bu qədər uzun müddət komandadan kənarda qalması həm bizim, həm də milli komanda üçün itkidir. O, yığmanın əsas oyunçularından biridir”.
Qurban Qurbanov Elvin Cəfərquliyevin də zədə səbəbindən milliyə dəvət almadığını bildirib. O, “Qarabağ”ın əvvəlki illərdə milli komandaya daha çox futbolçu göndərdiyini xatırladaraq, yerli oyunçuların sayının gələcəkdə arta biləcəyini vurğulayıb: “Hazırda limitə uyğun addımlar atmağa başlamışıq. Yerli futbolçuları əldə etmək və onları tam hazır vəziyyətə gətirmək bizim üçün asan deyil. Qarşıda müəyyən müddət keçdikdən sonra onların sayı arta bilər və milli komandaya daha çox oyunçu verə bilərik. Təəssüf ki, futbolçularımızın sayı azalıb. Bu normal gedişatdır. İllər ərzində müəyyən dəyişikliklər, konsepsiyada yeniliklər olur. Belə qərar qəbul olunubsa, biz də buna uyğun işləməliyik. Gələcəkdə perspektivli yerli futbolçularımız olsa, mütləq onlara şans verəcəyik ki, özlərini daha yaxşı göstərsinlər və milli komandaya yolları açılsın”.
Baş məşqçi azarkeşlərin stadiona az sayda gəlməsi ilə bağlı isə bildirib: “Azarkeşlərə çağırışım yoxdur. Onlar nə etməli olduqlarını bilirlər. Bizim azarkeşlərimizin sayı çoxdur. Bəzən belə oyunlar olur. Ümumiyyətlə, bütün azarkeşlərin stadionları doldurmasını istərdim. İstənilən komandanın azarkeşləri istənilən oyunda stadionda çox olsun. Bizim azarkeşlərimizə deyiləcək söz yoxdur. Biz bir-birimizi çox istəyirik. İnşallah, lazım olan vaxtda, lazım olan yerdə olacaqlar”.
Qurbanov “Qarabağ”ın aşağı yaş qruplarında əsas komandaya yüksələ biləcək futbolçuların olub-olmaması barədə suala da cavab verib: “Ümumi məlumat verirlər, aşağı yaş qruplarında maraqlı futbolçular var. Bir neçə oyunçu var. Onlara bir qədər vaxt lazımdır”.


No Comment! Be the first one.