Fərəcullayev kiminlə mübarizə aparır: Elxan Məmmədovla, yoxsa İskəndər Cavadovla?
AFFA Canni İnfantino ilə UEFA arasında gedən çəkişmədə FIFA prezidentinə tam dəstək verdi və bunu rəsmi saytı vasitəsilə də elan etdi.
Halbuki Avropanın əksər milli assosiasiyaları İnfantinoya qarşıdır, ona seçkidə etimad göstərməyəcəklərini bildiriblər. Qitənin aparıcı futbol qurumları ilə yanaşı, məsələn, ortabab Gürcüstan və “cırtdan” Lixtenşteyn Futbol federasiyalarının saytlarında da bu mövqe açıq-aşkar nümayiş etdirilib.
AFFA isə Avropanın yox, Asiya və Afrika qitələrinin konfederasiyaları kimi fərqli addım atdı. Elxan Məmmədovun çalışdığı FIFA-nı dəstəklədi.
Sonra deməyin ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Elxan Məmmədovu saymır, ondan, onun kadrlarından qurtulmağa çalışır.
AFFA-nın buna həm hüquqi, həm də mənəvi ixtiyarı yoxdur.
Hüquqi tərəfdən ona görə ki, Elxan Məmmədov FIFA-nın Üzv Assosiasiyalar üzrə direktorudur. Yəni təkcə AFFA yox, dünyanın bütün milli assosiasiyaları onun rəhbərlik etdiyi istiqamətlə bağlıdır. Bu vəzifənin mahiyyəti belədir.
Mənəvi tərəfdən isə elə bugünkü fotolara baxmaq kifayətdir.
Hamısında İnfantinonun yanındakı şəxs Elxan Məmmədovdur.
Hövsandakı stadiona baxışda da o var, ən yüksək səviyyədə qəbulda da. FIFA prezidentinin Azərbaycandakı proqramının mühüm məqamlarında Elxan Məmmədov yenə ön plandadır.
Amma AFFA-nın hazırkı baş katibi Cahangir Fərəcullayev?
Birində vardır, birində yoxdur…
İndi təsəvvür edin ki, Elxan Məmmədov həqiqətən AFFA daxilində “sayılmayan”, artıq heç bir çəkisi olmayan şəxsdir. O halda FIFA prezidentinin yanında bütün bu tədbirlərdə kim dayanmalı idi?
Sualın cavabını fotolar artıq verib.
Amma Fərəcullayevin gücü, görünür, əfsanəvi futbolçu İskəndər Cavadovla “mübarizə”yə çatır.
Cavadovu AFFA-nın rəsmi saytı vasitəsilə təbrik etməməyə…
Onu dəvət edib görüşməməyə…
Yubiley mərasimində 10 dəqiqəlik görünüb, çıxış etmədən tələsik çıxıb getməyə…
Bax, burada artıq gücünü göstərmək mümkündür.
FIFA prezidentinin yanında dayanan Elxan Məmmədovla münasibətdə isə mənzərə tamam başqadır.
Çünki beynəlxalq futbolun reallığı ortadadır: İnfantino Azərbaycandadır, AFFA onu dəstəkləyir və onun yanında yenə Elxan Məmmədov görünür.
Ona görə də AFFA daxilində kimin kimi “saymadığı” barədə danışmazdan əvvəl bir az da rəsmi saytdakı açıqlamalara və bugünkü fotolara baxmaq lazımdır.
Bəzən bir foto uzun-uzadı açıqlamadan daha çox şey deyir…


No Comment! Be the first one.