Zamiq Əliyevi milli komandadakı cəmi bir oyunundan xatırlayıram. Haiti ilə yoldaşlıq görüşündə rəqibin qolu ilə nəticələnən kobud səhvə yol vermişdi. Azərbaycan 0:3 hesabı ilə uduzdu. Zamiq isə oyundan sonra səhvinə görə üzr istədi.
Həmin vaxt millinin baş məşqçisi Fernandu Santuş idi. Ayxan Abbasovun dövründə isə Zamiq Əliyev heç vaxt milliyə çağırılmayıb.
Bu gün Abbasovdan səbəbini soruşublar. Cavabı belə olub: “Bəlkə də Zamiqin xəbəri yoxdur, amma biz onun hər oyununu izləyirik. Həm də onun çıxış etdiyi mərkəz müdafiəçisi mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Murad Xaçayev kimi futbolçular var”.
Açığı, bu izahat mənə səmimi gəlmədi.
Əvvəla, “bəlkə də Zamiqin xəbəri yoxdur” nə deməkdir? Futbolçu milli komandaya çağırılmırsa, bunun səbəbini bilməyə bilər. Amma baş məşqçinin vəzifəsi futbolçunun arxasınca ehtimallar yürütmək yox, seçimlərini aydın şəkildə izah etməkdir.
İkincisi, Abbasov deyir ki, “biz onun hər oyununu izləyirik”.
Yaxşı, izləyirsiniz. Bəs niyə yalnız televiziya, saytlar və ya yutub vasitəsilə?
Axı Ayxan Abbasov özü milli komandaya cəlb etdiyi legionerlərdən danışarkən onların çıxış etdiyi ölkələrə getdiyini, futbolçuları yerində izlədiyini, klublarının baş məşqçiləri və rəhbərləri ilə görüşdüyünü, beləliklə daha səmimi ortam yaratdığını deyib.

Elə isə Zamiq Əliyev üçün niyə eyni münasibət göstərilmir?
Niyə Albaniyaya gedib “Eqnatiya”nın oyununda Zamiqi yerindəcə izləməyib? Niyə onunla şəxsən görüşməyib? Niyə klubunun baş məşqçisi ilə danışıb futbolçunun vəziyyətini birbaşa öyrənməyib?
Əgər digər legionerlərlə bağlı yanaşma budursa, Zamiq üçün də eyni yanaşmanı gözləmək tamamilə normaldır.
Üstəlik, “Eqnatiya” legionerlərimizin çıxış etdikləri arasında iki klubdan biridir ki, avrokubokların – Konfrans Liqasının əsas mərhələsinə yüksəlib. Deməli, Zamiqin oynadığı klub həm səviyyə, həm də milli namizədini izləmək baxımından kifayət qədər maraqlı ünvandır.
“Biz hər oyununu izləyirik” demək bir şeydir, futbolçunun öz yanında olmaq tamam başqa.
Abbasovun mərkəz müdafiəçisi mövqeyində rəqabətlə bağlı dediklərinə gəlincə, Zamiq Əliyevin Krivotsyukdan, Daşdəmirovdan və Xaçayevdən üstün olduğunu demirik. Əksinə, onların bir çox cəhətdən daha güclü seçim olduğunu qəbul etmək olar.
Amma axı Zamiq oyun vaxtı intizamsızlığa yol verməyib, komanda yoldaşı ilə dalaşmayıb.
Açığı, gözləmək olardı ki, AFFA nizam-intizam prinsiplərini rəhbər tutaraq, Anton Krivotsyuk və Abdulax Xaybulayevi ən azı Millətlər Liqasının oyunlarından kənarda saxlayacaq. Yəni, bu il bir daha yığmaya çağırmayacaq. Amma “sərt münasibət” özünü çox gözlətmədi.
Niyə?
Əgər səbəb sadəcə futbol səviyyəsidirsə, bunu açıq deyin: “Bu mövqedə ondan üstün hesab etdiyim üç futbolçu var və ona görə çağırmıram”.
Vəssalam.
Məsələ nizam-intizam, davranış və milli komandaya münasibətdirsə, onda eyni qayda hamıya tətbiq olunmalıdır.
Məhz burada AFFA-ya da bir neçə sual yaranır.
Çünki nizam-intizam məsələsində bir futbolçuya sərt, digərinə yumşaq münasibət göstərilirsə, artıq söhbət prinsipdən yox, seçmə prinsiplərdən gedir.
Bir futbolçunun səhvi və davranışı milli komandaya münasibətdə nəzərə alınırsa, digər futbolçuların davranışına niyə eyni ölçü ilə baxılmır?
Və ən maraqlı sual: Abdulax Xaybulayev “Sabah”ın futbolçusu olmasaydı, ona münasibət yenə belə olardımı?
Bu suala cavab vermək AFFA-nın işidir.
Zamiq Əliyevin milliyə çağırılıb-çağırılmaması isə Ayxan Abbasovun qərarıdır. Buna görə heç kim baş məşqçidən hesabat tələb etmir.
Amma baş məşqçi bir tərəfdən legionerləri yerində izlədiyini, onların klubları və baş məşqçiləri ilə görüşərək səmimi ortam yaratdığını deyirsə, digər tərəfdən Zamiq Əliyevə gəldikdə “biz onun hər oyununu izləyirik” ifadəsi ilə kifayətlənirsə, burada təbii olaraq sual yaranır: Niyə Zamiq üçün eyni səmimiyyət yoxdur?
Bəlkə də məsələ Zamiqin xəbəri olub-olmamasında deyil.
Bəlkə də məsələ onun niyə bu qədər uzaqdan izlənməsindədir.
Elşən MƏMMƏDOV



No Comment! Be the first one.