Bakı Qran Prisi turizm və biznesə töhfə verir
2026-cı ildə Azərbaycan Qran Prisi Bakıda Formula 1 tarixində 10-cu dəfə keçiriləcək. Son on il ərzində yarış yalnız beynəlxalq idman tədbiri kimi deyil, həm də turizm, yerli biznes, insan kapitalı və Azərbaycanın beynəlxalq tanıdılması baxımından mühüm platformaya çevrilib.
Sportify.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bildirib.
Nazirin sözlərinə görə, yubiley Qran Prisinin Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilməsi yarışın əhəmiyyətini daha da artırır. Azərbaycan Qran Prisi paytaxtın beynəlxalq idman mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə, idman turizminin inkişafına və ölkənin dünyada tanıdılmasına töhfə verir.
Azərbaycan Qran Prisinin beynəlxalq auditoriyası da ildən-ilə genişlənir. 2025-ci ildə yarış üçün Azərbaycana 14 mindən çox xarici qonaq gəlib. Biletlər dünyanın 115 ölkəsində satılıb, yarış həftəsonunda isə 90 mindən çox ziyarətçi qeydə alınıb. 2026-cı il üzrə xarici qonaqlara satılan biletlərin sayı artıq ötənilki göstəricini keçib.
2024-cü ildə Qran Priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Xarici azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula 1 olduğunu bildirib.
Qran Prinin təşkili prosesində də yerli mütəxəssislərin rolu əhəmiyyətli dərəcədə artıb. Yarış infrastrukturunun qurulması və sökülməsi işlərinə 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı cəlb olunur. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal çalışır.
Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib ki, son illərdə toplanmış təcrübə və müasir texnologiyaların tətbiqi hazırlıq müddətinin 12 aydan təxminən dörd aya endirilməsinə imkan verib.
Onun sözlərinə görə, şəhərdə nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi üçün 2023-cü ildən etibarən tranzit dəhlizləri təşkil olunur. 2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində də əlavə tranzit dəhlizinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, son üç ildə dörd yeni tribuna inşa edilib və bununla tamaşaçı yerlərinin sayı 6 mindən çox artırılıb. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür.
Azərbaycan Qran Prisi Bakının beynəlxalq miqyasda tanıdılmasına da mühüm töhfə verir. Formula 1-in rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. Yarış həftəsində dünyanın diqqəti Bakıya yönəlir, beynəlxalq media və yayımçılar yarışla yanaşı, şəhərin tarixi və müasir simasını da geniş auditoriyaya təqdim edirlər.
2025-ci ildə Azərbaycan Qran Prisini yerində təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Həmin il yarışın ABŞ-da ESPN telekanalında canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı Qran-prisi üçün ABŞ televiziyasında qeydə alınan ən yüksək auditoriya göstəricisidir.
Beləliklə, Formula 1-in Bakıda keçirilməsi yalnız idman yarışı olmaqla məhdudlaşmır. Qran-pri turizm və xidmət sektorunun inkişafına, yerli biznes üçün yeni imkanların yaranmasına, peşəkar kadrların formalaşmasına və Azərbaycanın, xüsusilə də Bakının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.


No Comment! Be the first one.