Dioqo Balau: 10 nəfərlə qalsaydılar, bəlkə də udardıq - MÜSAHİBƏ
Misli Premyer Liqasında VII turun “Şəfa” ilə səfər matçında 1:0 hesablı qələbə qazanan “Turan Tovuz” komandasının futbolçusu Dioqo Balau Sportify.az-a müsahibə verib.
Qələbə topunun müəllifi olan portuqaliyalı vinger avrokuboklara vəsiqə şansları və Türkiyənin “Fənərbağça” klubu ilə oktyabrın 3-də keçirdikləri yoldaşlıq oyunu barədə də danışıb:
– “Şəfa” ilə oyunu necə dəyərləndirirsiniz?
– Çətin oyun oldu. Müəyyən itkilərimiz var idi və fiziki baxımdan çətinlik çəkirdik. Buna baxmayaraq, sevinirik ki, qalib gəldik.

– Komanda azsaylı qol imkanları yaratdı. Daha çox qol vurmaq mümkün deyildimi?
– Dediyim kimi, zədəli futbolçularımızın olması fiziki vəziyyətimizə təsir etdi. Oyunun müəyyən hissələrində yorulduq və gücümüz azaldı. Amma qalib gəlmək üçün bir qol vurmaq və qapında qol görməmək kifayətdir.
– Vurduğunuz qolu necə qiymətləndirirsiniz?
– Xoşbəxtəm. Komandama kömək etdiyim üçün sevinirəm və ümid edirəm ki, bundan sonra da çoxlu qol vuracağam.
– “Turan Tovuz”un avrokuboklara vəsiqə şanslarını necə dəyərləndirirsiniz: “Sabah”, “Qarabağ”, “Neftçi” və “Zirə” kimi rəqiblərlə mübarizə aparmaq çətin olmayacaq?
– Biz oyundan-oyuna irəliləmək istəyirik. Böyük komandayıq və təbii ki, böyük hədəflərimiz var. Bacardığımız qədər çox oyunda qalib gəlməyə çalışacağıq. İnanıram ki, çempionluğu və ya kuboku qazanaraq avrokuboklara vəsiqə əldə edərik.
– Sizin üçün daha vacib olan gözəl futbol, yoxsa 3 xaldır?
– 3 xal. Ən vacibi 3 xal qazanmaqdır (gülür – red.).

– Əvvəlki klubunuz “Şamaxı” ilə “Turan Tovuz”un oyun üslubları arasında fərq nədədir?
– Bunlar fərqli komandalardır. Fərqli şəhərləri təmsil edirlər və fərqli futbol oynayırlar.
– Növbəti oyununuz “İmişli”yə qarşı olacaq. Həmin matçdan gözləntiləriniz nədir?
– Ümid edirəm ki, qalib gələcəyik. Əlimizdən gələni edəcəyik. Qol vurmaqla və ya məhsuldar ötürmə verməklə komandama kömək etməyə çalışacağam.
– “Fənərbağça” ilə oyundan sonra komandada əhval-ruhiyyə necədir? Həmin qarşılaşma sizə nə verdi?
– Hər şey çox yaxşıdır. “Fənərbağça” ilə oyun komandamıza çox kömək etdi. Qarşılaşmanı izləyənlər gördülər ki, rəqiblə bərabər səviyyədə mübarizə apardıq. Qol imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik və qapımızda iki qol gördük. Bununla belə, yaxşı oynadıq, müdafiədə və hücumda uğurlu çıxış etdik. Həmin oyun bizə çempionat matçlarına daha böyük motivasiya və özünəinamla hazırlaşmaq imkanı verdi.

– “Fənərbağça” ilə matçda rəqib qırmızı vərəqə aldıqdan sonra meydanda 10 nəfərlə qalmışdı. Sizcə, həmin vəziyyət davam etsəydi, nəticə fərqli ola bilərdimi?
– Bilmirəm, bəlkə də. Rəqib 10 nəfərlə oynamağa davam etsəydi, ola bilsin ki, qalib gələrdik.


No Comment! Be the first one.