İqor Angelovski: Azərbaycan millisi standart vəziyyətdən çox yaxşı yararlandı
İlk növbədə, rəqibi qələbə münasibətilə təbrik edirəm”.
Sportify.az xəbər verir ki, bunu Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski Bakıda Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Şimali makedoniyalı mütəxəssisin fikrincə, oyun komandası üçün həqiqətən də çox çətin alınıb: “Azərbaycan millisində keyfiyyətli futbolçular çoxdur. Rəqib bu vəziyyətdən çox yaxşı yararlandı. Toral Bayramov kimi standart vəziyyətlərdən istifadə edən oyunçularınız var”.
Angelovski Tacikistan yığmasının da çox yaxşı imkanlara malik olduğunu bildirib: “Oyunun sonlarında komandamızın çox yaxşı imkanları oldu. Təəssüf ki, yararlana bilmədik. Yekunda Azərbaycan millisi qalib gəldi”.
Baş məşqçi Şimali Makedoniya yığmasına rəhbərlik etdiyi vaxt Azərbaycan millisində çıxış etmiş futbolçulardan yalnız Mahir Emreli və kapitan Emin Mahmudovu xatırladığını diqqətə çatdırıb: “Əlbəttə, 5-6 il əvvəlki ilə indiki Azərbaycan millilərini müqayisə etmək çox çətindir. Ona görə ki, əvvəlkilərlə indiki oyunçular tam fərqlidir. Yeni futbolçularınız var. Yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan D qrupunda olmağa layiq deyil. Ümidvaram ki, yaxşı oyunla xallar qazanaraq, bu liqanı tərk edəcək”.
Angelovski Azərbaycan millisinin futbolçularının çıxışına çox da təəccüblənmədiyini bildirib: “Gözləyirdim ki, yaxşı oynayacaqlar və yaxşı nəticələr göstərmələrini istəyirəm. Ümid edirəm ki, oyunçularınız bundan sonra fərdi səviyyədə özlərini inkişaf etdirəcəklər və klubların nailiyyətlərini yığma da göstərəcək. Futbolçularınıza, klublarınıza və ölkənizə gözəl nailiyyətlər arzulayır və daha yaxşı nəticələrə şahid olacağınıza ümid edirəm”.
50 yaşlı mütəxəssis əvvəllər Azərbaycan millisindən dəvət almasına dair iddialara da münasibətini açıqlayıb: “Öz tərəfimdən bu suala cavab verməyi uyğun saymıram. Ümumiyyətlə, yığma üçün baş məşqçi axtarıldıqda bir çox adlar siyahıya daxil edilir. Bu qədər müddət keçdikdən sonra belə bir sualı cavablandırmaq normal deyil. Siz qarşı tərəfdən soruşa bilərsiniz. Həmin vaxt Fernandu Santuşla müqavilə bağladınız”.
Angelovski buraxdıqları qol epizodunda səhvə yol verən qapıçı Oleq Baklov barədə isə bunları deyib: “Tacikistan yığması tarixində ikinci dəfə Asiya Kubokuna vəsiqə qazanıb. Turnirə hazırlıq prosesi zamanı müxtəlif variantları nəzərdən keçiririk. Mənim 3 çox gözəl qapıçım var. Azərbaycanla oyunda Oleq Baklova şans verdik. Təbii ki, bu, Baklovun həmişə qapıda duracağı demək deyil. Digər qolkiperləri də nəzərdən keçirəcəyik ki, hər kəsin keyfiyyətinə bələd olaq”.
Baş məşqçi Azərbaycan və Tacikistan yığmalarındakı futbolçuların yerli liqalarda oynamasının çətinliklərinə diqqət çəkib: “Təbii ki, hər bir baş məşqçinin arzusu futbolçularının daim keyfiyyətli, yüksək ritmə malik komandalar və çempionatlarda oynamasıdır. Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasındakı klubların baş məşqçiləri belə oyunçularla işlədikləri üçün bu baxımdan şanslıdırlar. Amma Azərbaycan və Tacikistan kimi millilərin baş məşqçiləri üçün müəyyən çətinliklər ortaya çıxır. Çünki heyətdəkilərin əksəriyyəti yerli liqalarda oynayan futbolçulardır. Tacikistan millisinin futbolçularının 99 faizi yerli liqa klublarını təmsil edirlər. Amma bu oyunçuların xaricə çıxmalarını istəyiriksə, həm milli, həm də fərdi səviyyədə keyfiyyətlərini yüksəltməliyik. Nəticələr yaxşı olmalıdır ki, oyunçularda da məsuliyyət və həvəs yaransın, digər ölkələrə açılsınlar”.
O, qonaqpərvərliyə görə Azərbaycana, komandanı dəstəkləyən azarkeşlərə və Tacikistanın Azərbaycandakı səfirliyinə təşəkkürünü bildirib: “Sizə də uğurlar arzulayıram. Ümidvaram ki, D Liqasında yaxşı nəticələr göstərəcək. Mən Azərbaycanı C Liqasında görmək istəyirəm”.


No Comment! Be the first one.