“Azərbaycan və İran arasında idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və əlaqələrin sıxlaşdırılması mühüm əhəmiyyət kəsb edir”.
Sportify.az xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Mali jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir bildirib ki, səfər çərçivəsində Azərbaycan ilə İran arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.
“Bu sənəd iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, idman sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və birgə fəaliyyətin gücləndirilməsi vacibdir”, – deyə o vurğulayıb.
Əhməd Dünya Mali Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Bakıda bir sıra idman obyektləri ilə tanış olduqlarını bildirib. O, Azərbaycanın beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik olduğunu qeyd edib.
“Azərbaycan bir çox mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edib. Xüsusilə 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını və digər nüfuzlu yarışları qeyd etmək istərdim. Azərbaycan müxtəlif idman növlərində mühüm nailiyyətlər qazanıb. Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo üzrə əldə olunan iki qızıl medal bunun bariz nümunəsidir”, – deyə iranlı nazir əlavə edib.



No Comment! Be the first one.