İrina Kindzerska millimizə qayıdır: “Axı bu, mənim komandamdır!” - MÜSAHİBƏ
Azərbaycanın qadın cüdoçuları arasında yeganə olimpiya mükafatçısı İrina Kindzerska Sportify.az-a eksklüziv müsahibə verib.
Kindzerska 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.
Daha sonra o, doğulduğu Ukraynaya qayıdıb. 35 yaşlı cüdoçunun həyat yoldaşı azərbaycanlıdır.
Kindzerska Bakıda keçirilən dünya çempionatında qonaq kimi iştirak edərək, VI dan sertifikatına layiq görülüb.
Təcrübəli cüdoçu müsahibəsində dünya çempionatının təşkilatçılığı, Azərbaycan millisində keçirdiyi illər, gələcək planları və yenidən Olimpiadada iştirak etmək arzusu barədə danışıb. O, Azərbaycan yığmasına münasibətini də səmimi şəkildə ifadə edib.
– Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təşkilatçılığı barədə nə deyə bilərsiniz?
– Bu dünya çempionatı məndə çox böyük təəssürat yaratdı. Həm açılış mərasimi, həm də yarışın ab-havası çox xoşuma gəldi. Çempionat yüksək səviyyədə təşkil olunub. Hələ də böyük təəssürat altındayam. Azərbaycan Cüdo Federasiyasının hazırkı rəhbərliyi çox çalışıb və ortaya gözəl iş qoyub.
– Altıncı dan sertifikatını aldınız. Hansı hissləri keçirirsiniz?
– Çox xoşbəxtəm. Hər bir idmançı istəyir ki, əməyi və xidmətləri qiymətləndirilsin, nailiyyətlərinə görə mükafatlandırılsın. İstər yerli, istərsə də beynəlxalq federasiya tərəfindən əməyinin qiymətləndirilməsi və belə bir mükafata layiq görülmək çox təsirli və xoş hissdir.
– Azərbaycan yığmasında çıxış etdiyiniz dövrü necə xatırlayırsınız?
– İlk növbədə, komandamızı və ölkəmizi məyus etmək istəmirdim. Həmişə medal qazanmağa çalışırdım. Bunun üçün əlimdən gələni etdim. Ölkəmin azarkeşlərinin, mənə dəstək olan və məni sevən hər kəsin münasibətini yüksək qiymətləndirirdim. Ona görə də həmin illərlə bağlı yalnız xoş və isti xatirələrim qalıb.

– Azərbaycan millisindən ayrılıb Ukraynaya qayıdanda hansı hissləri keçirirdiniz?
– Kədərli idim, amma artıq çox yorulmuşdum. Əlbəttə, ilk növbədə, ailəmlə birlikdə olmaq istəyirdim. Elə alındı ki, doğulduğum Ukraynada müharibə başladı. Bu müddətdə övladım dünyaya gəldi, qızım oldu və ailəmlə vaxt keçirmək imkanım yarandı. İndi isə gələcəkdə nə edəcəyim barədə düşünməyə başlayıram.
– Hazırda cüdoçu karyeranızı davam etdirirsiniz?
– 2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunlarından sonra karyerama fasilə verdim. Ailəmlə birlikdə olmaq istəyirdim. İndi isə tədricən məşqlərə başlayıram.
– Gələcəkdə Azərbaycanda məşqçi kimi çalışmaq istərdinizmi?
– Əlbəttə, istərdim. Belə bir imkan yaranarsa, bu variantı da nəzərdən keçirərəm. Təcrübəm və biliklərimlə çox şeyə kömək edə bilərəm. Amma bundan əvvəl, bəlkə də, yenidən idmançı kimi Olimpiadada iştirak etmək istəyərəm. Bu dəfə bürünc deyil, məhz qızıl medal qazanmaq arzusundayam.
– Azərbaycan cüdoçularının çıxışlarını necə dəyərləndirirsiniz? Onlarla münasibətləriniz necədir?
– Ümumilikdə, komandamızı çox sevirəm. Mən gedəndən sonra da yığmada qalan bir çox cüdoçu var. Zelim Kotsoyev, Uşangi Kokauri və Gültac Məmmədəliyevanın adlarını çəkə bilərəm. Eyni zamanda, komandaya yeni gələnlər də var. Təbii ki, onlar da güclüdürlər. Yarışlarını izlədim və hər birinə çox yaxşı münasibət bəsləyirəm. Axı bu, mənim komandamdır! Öz evinə necə pis yanaşmaq olar?
Bahar RÜSTƏM



No Comment! Be the first one.