Mahir Emreli: Mən “Bad Blue Boys”am
“Burada həmişə yaxşı atmosfer olur, amma mən “Bad Blue Boys”am”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa “Rakuv”unun Xorvatiyada “Hajduk Split”lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda sonra yerli mətbuata xorvatca müsahibəsində deyib.
27-ci dəqiqədə komandasının ilk qolunu vuran Emreli Splitdəki “Poljud” stadionunda yaradılan atmosferi yüksək qiymətləndirib. Lakin o, əvvəllər çıxış etdiyi “Dinamo Zaqreb”in azarkeşi olduğunu diqqətə çatdırıb.
29 yaşlı hücumçu qarşılaşmanı da dəyərləndirib: “Çətin oyun oldu. “Hajduk”u izləmiş və təhlil etmişdik. Yaxşı futbolçuları var, fərdi keyfiyyətləri ilə oyunun gedişini dəyişə bilərlər. Bu nəticə bizim üçün yaxşıdır, amma heç nə bitməyib. Oyunu təhlil etməli, harada səhvlərə yol verdiyimizi görməli və cavab görüşünə hazırlaşmalıyıq”.
Emrelinin fikrincə, “Hayduk Split”in futbolçusu Adrion Payazitinin 55-ci dəqiqədə qırmızı vərəqə alması “Rakuv”un işinə yarayıb: “Bu, bizə kömək etdi. Onlar həmin vaxt oyuna nəzarət edirdilər, daha sonra isə geri çəkildilər. İkinci qol bizə yaxşı hisslər verdi, amma bu heç nə demək deyil. Cavab oyununa hazır olmalıyıq. Ümid edirəm ki, mərhələni keçəcəyik”.
Qeyd edək ki, Mahir Emreli hazırda Almaniya “Kayzerslautern”dən icarə əsasında “Rakuv”da çıxış edir. Təcrübəli forvard bu mövsüm Polşa klubunda keçirdiyi 8-ci oyunda 3-cü qolunu vurub.
Emreli 2022 – 2024-cü illərdə “Dinamo Zaqreb”ə məxsus olub. Zaqreb təmsilçisinin heyətində 47 oyuna çıxan hücumçu 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Rakuv” – “Hajduk” cütünün cavab oyunu bir həftə sonra Polşada keçiriləcək.


No Comment! Be the first one.