Azərbaycan klubu “Mançester Siti”nin sabiq futbolçusunu istəyir
Kipr təmsilçisi APOEL-in futbolçusu Dieqo Rosa Azərbaycan komandalarından birinin maraq dairəsinə düşüb.
Sportify.az “Goal.com.cy” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçidən ötrü Nikosiya klubuna rəsmi təklif ünvanlanıb.
Adı açıqlanmayan klub onu 200 min avroya icarəyə götürmək istəyir. APOEL rəhbərliyi təklifi maliyyə və digər şərtlər baxımından dəyərləndirir. Böyük ehtimalla, cavabın mənfi olacağı bildirilir.
Rosa hazırda baş məşqçi Nikos Papadopulosun oyun planında arzuladığı rolu ala bilmir. Bu amil onun hazırlıq və yoxlama oyunlarında iştirakına da təsir edib.
Məhz bu səbəbdən, Rosanın Nikosiya klubundan ayrılma ehtimalı istisna edilmir. Hazırda son qərarın APOEL rəhbərliyinə məxsus olduğu bildirilir.
Tərəflər maliyyə və digər məsələlərdə razılığa gələ bilsələr, Dieqo Rosanın APOEL-dən ayrılması və karyerasını Azərbaycanda davam etdirməsi mümkündür.
Qeyd edək ki, Dieqo Rosa peşəkar futbolçu karyerasına İngiltərənin “Mançester Siti” klubunda başlayıb. Lakin o, “şəhərlilər”in heyətində yox, Belçikanın “Lommel” və Portuqaliyanın “Vizela” komandalarında icarə əsasında çıxış edib. Daha sonra Braziliya “Baya”sına keçən Rosa yenidən “Lommel”ə və yerli “İnternasional”a icarəyə verilib. O, 2025-ci ildə APOEL-ə transfer olunub.



No Comment! Be the first one.