Maşallah Əhmədov: Udanda "aldılar" deyirdilər, uduzanda "satdılar" - VİDEO
“Mən və İskəndər Cavadovla 1976-cı il noyabrın 28-dən dostluq edirik. Bu il dostluğumuzun 50 illiyi olacaq. Birlikdə böyük uğurlarımız da, kədərlərimiz də olub. Xalqımızı sevindirmişik də, kədərləndirmişik də”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədov keçmiş komanda yoldaşı İskəndər Cavadovun 70 illik yubiley mərasimindəki çıxışı zamanı deyib.
Əhmədov hücum xəttindəki “duet ortağı” Cavadovla bağlı maraqlı əhvalat danışıb: “Gözümün qarşısındadır ki, Qazaxıstan “Kayrat”ı ilə oyunlarımız həmişə çox çətin keçirdi. Düzdür, Gürcüstanın “Dinamo Tbilisi” və Ermənistanın “Ararat” komandaları ilə qarşılaşmalarımız da çətin alınırdı. Amma ən çətin matçlarımız “Kayrat”la görüşlərə təsadüf edirdi. Bir dəfə Qazaxıstandakı matçda Cavadov qol vurdu. Mən də ona demişdim ki, qol vuranda sevinmək üçün qapının arxasına tərəf getmə. Çünki arxa xətt oyunçularımız da səni gəlib öpüb təbrik etmək üçün qaça-qaça 150 metr yol qət edəcəklər. Amma yenə qol vurub qapı arxasına tərəf qaçdı, uşaqlar da dalınca. Mən isə mərkəzə doğru getdim. Bir də gördüm ki, bunu öpə-öpə gətirirlər. Gəlib mərkəz xəttini yenicə keçmişdilər ki, “Kayrat” oyuna başladı və güclü zərbəyə malik Estafi Pehlexanidi uzaqdan zərbə ilə hesabı bərabərləşdirdi. Oyunu isə 1:2 hesabı ilə uduzduq. Qəzetdə də “Sevinməyə qoymadılar” yazdılar.
İkinci dövrədə “Kayrat” “Neftçi”nin qonağı oldu. Rəqib çox güclü, oyun isə prinsipial idi. Onları minimal hesabla udmağımız da sevindirici olurdu. Lakin bu dəfə elə alındı ki, “Kayrat”a 6 cavabsız qol vurduq. Qollardan 3-nü Cavadov vurdu”.
Onun sözlərinə görə, İqor Ponomaryov – Maşallah Əhmədov – İskəndər Cavadov “üçlüy”ü keçmiş SSRİ dövründə qarşısıalınmaz olub: “İstər Bakıda, istərsə də səfər oyunlarında qələbə qazana bilirdik. Rusiyada “Dinamo Moskva”nı və “Zenit”i, Belarusda “Dinamo Minsk”i, Ukraynada “Dinamo Kiyev”i udmağı bacarırdıq. Udan kimi “aldılar” deyirdilər. Halbuki bir qəpik də pulumuz yox idi. Uduzanda isə “satdılar” söyləyirdilər. Ponomaryov, Cavadov və mən SSRİ çempionatlarında üst-üstə 200 qol vurmuşduq”.



No Comment! Be the first one.