Maykl Karrik: "Sabah"la oyunda hansı çətinliklərlə üzləşəcəyimizi anlayırıq
İngiltərə “Mançester Yunayted”inin baş məşqçisi Maykl Karrik Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, ingiltərəli mütəxəssis Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib və komandasını ciddi sınağın gözlədiyini bildirib.
Karrik “Sabah”ı yaxşı hazırlanmış komanda adlandırıb: “Bu, onların ideyalarından və prinsiplərini meydanda necə tətbiq etmələrindən aydın görünür. Son 12 ayda çoxlu futbol oyunları qazanıblar. Böyük inamla oynayırlar. Bu, onların oyununda, topa nəzarətində və meydanda irəliləməsində görünür”.
“Mançester Yunayted”in baş məşqçisi “Sabah”ın komanda şəklində pressinq etməsini də xüsusi qeyd edib: “Onların həqiqətən yaxşı anlaşması var və komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də qarşılaşacağımız rəqibin kim olduğunu və bizi hansı çətinliklərin gözlədiyini tamamilə anlayırıq”.
Karrik Çempionlar Liqasının onun üçün xüsusi turnir olduğunu da bildirib. 2008-ci ildə futbolçu kimi bu yarışın qalibi olan mütəxəssis kuboku qazanmağın karyerasındakı ən böyük hiss olduğunu söyləyib: “Çempionlar Liqası sehrli turnirdir. Ondan kənarda qalanda onun nə qədər xüsusi olduğunu anlayırsan. İçərisində olduğun zaman isə bundan maksimum yararlanmaq istəyirsən. Bu, özünü sınamaq və ən yaxşılarla rəqabət aparmaq üçün ən yaxşı turnirdir”.
O, “Mançester Yunayted”in turnirdə mümkün qədər irəli getmək imkanına da inandığını söyləyib: “Buna nail ola bilərik. Hər şey özümüzdən asılıdır. Haradan gəldiyimizi və hara getmək istədiyimizi anlamaq üçün kifayət qədər təvazökar və realist olmalıyıq. Biz həqiqətən çox yaxşı işlər görə bilərik. Xüsusilə yaxşı günümüzdə istənilən rəqibə qarşı oynaya və qalib gələ biləcəyimizi hiss edirik. Bunu bütün turnir və bütün oyunlar ərzində nümayiş etdirməliyik”.
Karrik heyət seçimi zamanı balansı qorumağın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, komandanın müxtəlif oyunlara, rəqiblərin üslubuna və fərqli şərtlərə uyğunlaşa bilməsi üçün mümkün qədər güclü heyətə sahib olmaq lazımdır: “Lük Şouya bərpa olunması üçün əlavə bir gün verilib. Cümə axşamına qədər onun heyətdə olub-olmayacağı bəlli olacaq. Matteys de Liqt yaxşı məşq edib və yaxın zamanda qayıtmaq yolundadır. Biz növbəti addımlar üçün düzgün balansı tapmalıyıq”.
45 yaşlı mütəxəssis Benjamin Şeşkonun da yaxşı formada olduğunu və hər oyunda iştirak edəcəyini qeyd edib: “Şeşko yaxşı formadadır. Sual yalnız onun növbəti addımı nə vaxt atacağıdır”.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford”da keçiriləcək “Mançester Yunayted” – “Sabah” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.