Millətlər Liqası: Fransadan darmadağın, Türkiyədən ardıcıl 4-cü məğlubiyyət - YENİLƏNDİ
UEFA Millətlər Liqasında IV turun növbəti görüşləri keçirilib.
Sportify.az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqalarında ümumilikdə 8 qarşılaşma gerçəkləşib.
A Liqasında 1-ci qrupun oyunlarında Fransa Belçikanı darmadağın edib – 4:1.
İlk qolu Belçika yığmasının yarımmüdafiəçisi Dodi Lukebakio 35-ci dəqiqədə vurub. Fransalı forvard Dezire Due 77-ci dəqiqədə hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Rayan Şerki meydan sahiblərini önə çıxarıb. 88-ci və 90+1-ci dəqiqələrdə isə Maykl Olise “dubl” edərək, yekun nəticəni müəyyənləşdirib.
İtaliya isə Türkiyəni məğlubiyyətə uğradıb – 3:1. 26-cı dəqiqədə Canluka Skamakka hesabı açaraq, meydan sahiblərini önə çıxarıb. 61-ci dəqiqədə Aral Şimşir bərabərlik qolunu vurub. Lakin 65-ci dəqiqədə Rikkardo Kalafyori, 87-ci dəqiqədə isə Françesko Espozito fərqlənərək, İtaliyaya qələbə qazandırıb.
Beləliklə, Türkiyə ardıcıl 4-cü məğlubiyyətə düçar olub. 4 turdan sonra Fransanın 10, İtaliyanın 7, Belçikanın 6 xalı var. Sonuncu yerdə gedən Türkiyənin isə xalı yoxdur.
B Liqasının 2-ci qrupunda Macarıstan səfərdə Ukraynaya minimal hesabla qalib gəlib. Bu görüşdə qonaq komandaya ilk dəfə dəvət almış Bentse Varkonyi sonadək ehtiyatda qalıb.
Şimali İrlandiya – Gürcüstan görüşü isə qolsuz tamamlanıb. Hazırda qrupa 8 xalla Şimali İrlandiya başçılıq edir. Macarıstan 7 xalla 2-cidir.
4-cü qrupda Rumıniya İsveçə 0:1 hesabı ilə uduzub. Yeganə qolu isə 13-cü dəqiqədə Viktor Dökereş vurub.
Bosniya və Herseqovina – Polşa görüşündə meydan sahibləri eyni hesabla qalib gəlib. Yerli komandanın qapıçısı Martin Zlomisliç əvvəldən sonadək çıxış edib və önəmli qurtarışları ilə diqqət çəkib. Qonaq komandadan isə “Sabah”dan dəvət almış müdafiəçisi Timoteuş Puxaç və “Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski sonadək ehtiyatda qalıb.
Nəhayət, C Liqasında Kipr Latviyaya 2:1 hesabı ilə qalib gəlib. Monteneqro – Ermənistan qarşılaşması qolsuz tamamlanıb. “Qarabağ”dan dəvət almış yarımmüdafiəçi Marko Yankoviç Ermənistanla görüşdə start heyətdə yer alıb və 62-ci dəqiqədə əvəzlənib. Əvvəlki 3 görüşündən qalib ayrılmış Monteneqro ilk dəfə xal itirib.
UEFA Millətlər Liqası
5 oktyabr
A Liqası
1-ci qrup
22:45. Fransa – Belçika – 4:1
22:45. İtaliya – Türkiyə – 3:1
Xal durumu: Fransa – 10, İtaliya – 7, Belçika – 6, Türkiyə – 0
B Liqası
2-ci qrup
22:45. Ukrayna – Macarıstan – 1:2
22:45. Şimali İrlandiya – Gürcüstan – 0:0
Xal durumu: Şimali İrlandiya – 8, Macarıstan – 7, Ukrayna – 4, Gürcüstan – 2
4-cü qrup
22:45. Rumıniya – İsveç – 0:1
22:45. Bosniya və Herseqovina – Polşa – 1:0
Xal durumu: İsveç – 10, Bosniya və Herseqovina – 8, Polşa – 4, Rumıniya – 0
C Liqası
2-ci qrup
20:00. Kipr – Latviya – 2:1
22:45. Monteneqro – Ermənistan – 0:0
Xal durumu: Monteneqro – 10, Kipr – 7, Ermənistan – 4, Latviya – 1.



No Comment! Be the first one.