Avstraliyanın Kvinslend ştatında yerləşən Fitsroy çayı 2032-ci ildə Brisben şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında avarçəkmə ilə kayak yarışlarının keçirilməsi üçün təsdiqlənib.
Sportify.az xəbər verir ki, Rokhempton şəhərində yerləşən yarış zolağı Oyunların İnfrastruktur və Koordinasiyası üzrə Müstəqil Qurumun sifarişi ilə keçirilən texniki qiymətləndirmədən sonra uyğun hesab edilib.
Qiymətləndirmə zamanı hava şəraiti, suyun səviyyəsi və daşqın riski kimi amillər nəzərə alınıb.
Çayda artıq məktəb çempionatları, yerli reqatalar və milli komandaların təlim-məşq düşərgələri təşkil olunur.
Məkanın seçilməsini Ümumdünya Avarçəkmə Federasiyası və “Paddle Worldwide” təşkilatı da dəstəkləyib. Ümumdünya Avarçəkmə Federasiyasının prezidenti Jan-Kristof Rollan Fitsroy çayının Oyunlar zamanı ədalətli yarış şəraiti təmin edə biləcəyini bildirib.
Qeyd edək ki, Fitsroy çayında yerli əhalinin “Salties” adlandırdığı dəniz timsahları da yaşayır. Təxminən 500 timsahın məskunlaşdığı ərazidə bu sürünənlər həm şirin, həm də duzlu sularda yaşayır və uzunluğu 6 metrdən çox ola bilər.



No Comment! Be the first one.